Anım tədbirində Xocalı hadisələrində yaxınlarını itirmiş alim danışıb
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Xocalı faciəsinin ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri ən faciəli və qanlı hadisələrdən biri olduğunu söyləyib.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov qeyd edib ki, gənclərimiz Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamalıdırlar.
Daha sonra Xocalı faciəsində yaxınlarını itirmiş, hadisənin şahidlərindən olan AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi Əkbər Kərimov həmin gecənin dəhşətlərindən danışıb.
Tədbirdə Xocalı soyqırımına həsr olunan “Danışan ruhlar” sənədli filmindən süjetlər nümayiş etdirilib.