ANKARADA AZƏRBAYCANIN MİLLİ QURTULUŞ GÜNÜ QEYD EDİLMİŞDİR
Türkiyədəki səfirimiz Məmməd Əliyev yığıncağı giriş sözü ilə açaraq 1993-cü ilin iyununadək Azərbaycanda yaranmış böhranlı siyasi vəziyyətin səbəb və nəticələri barədə danışmışdır. Səfir qeyd etmişdir ki, belə bir şəraitdə xalqın imdadına yetişən, ölkədə hökm sürən özbaşınalıq və anarxiyaya son qoyan, müstəqil dövlətimizin süqutunun qarşısını alan məhz ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Qüdrətli dövlət xadiminin müdrik tədbirləri sayəsində ölkəmizdə hökm sürən özbaşınalıq möhkəm siyasi sabitliklə, anarxiya demokratiya ilə əvəz edilmişdir. Ayrı-ayrı şəxslərə tabe olan başıpozuq silahlı dəstələrin yerini nizamlı ordu almışdır. Talan edilmiş fabrik və zavodlar yenidən fəaliyyətə başlamışdır. İmzalanan beynəlxalq müqavilələr, həyata keçirilən irimiqyaslı regional layihələr nəticəsində Azərbaycan nüfuzlu dövlətə çevrilərək dünya arenasında layiqli yerini tutmuşdur. Bütün bu nailiyyətlər Heydər Əliyevin səmərəli fəaliyyətinin, tükənməz enerjisinin, dərin siyasi təcrübəsinin, yenilməz iradəsi və qətiyyətinin nəticəsidir. Məhz buna görə, dost və qardaş Türkiyədə də xilaskar insan, ulu öndərimiz Heydər Əliyevin xatirəsi böyük hörmət və ehtiramla anılır. Azərbaycan tarixində 15 İyun həqiqətən də xalqımızın və gənc müstəqil dövlətimizin qurtuluş günüdür. Tariximizin əhəmiyyətli və əlamətdar səhifələrindəndir.
Təntənəli yığıncaqda Milli Qurtuluş günü mövzusunda çıxışlar dinlənilmişdir.