Ankaradakı Qazi Universitetində azərbaycanlı yazıçı-publisistin tələbələrlə görüşü olmuşdur
Ankara, 26 aprel (AZƏRTAC). Türk Dünyası İnsan Haqları Dərnəyinin (TDİHD) dəvəti ilə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Xocalı sakini, faciənin şahidi, yazıçı-publisist Səriyyə Müslümqızı Ankarada bir sıra tədbirlərdə iştirak edir.
“TRT Avaz” televiziya kanalındakı proqramda iştirak edən yazıçı-publisistin Türkiyə paytaxtındakı Qazi Universitetində də tələbələrlə görüşü keçirilmişdir.
Görüşdə çıxış edən TDİHD-nin sədri Abdullah Buksur bildirmişdir ki, bütün dünyada uydurma “soyqırım” təbliğatı aparan erməni lobbisinə qarşı mübarizə Türkiyədə daha geniş vüsət almışdır. Bu konteksdə Azərbaycanın Xocalı qəsəbəsində ermənilərin törətdikləri soyqırımın daha fəal tanıdılması qeyri-hökumət təşkilatlarının əsas vəzifəsidir. XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının canlı şahidi və bununla bağlı 10 kitabın müəllifi olan Səriyyə Müslümqızının Türkiyəyə dəvət olunması da bu məqsədə xidmət edir.
Xocalı faciəsi, onun səbəb və nəticələri, dünyada tanıdılması haqqında tələbələrə ətraflı məlumat verən S.Müslümqızı vurğulamışdır ki, bu il Azərbaycan dövlətinin səyləri ilə 96 ölkədə soyqrımın iyirminci ildönümü geniş şəkildə qeyd olunmuşdur. Artıq, üç ölkənin parlamenti Xocalı soyqırımını tanımış və bu proses davam edəcəkdir. Bu yaxınlarda mənim son kitabım olan “Qar üstünə qan yağır” əsəri də Türkiyədə işıq üzü görəcəkdir. Xocalıda şəhid olmuş uşaqların xatirəsinə həsr olunmuş, ingilis və rus dillərinə tərcümə edilmiş “Onlar heç vaxt böyüməyəcəklər” ensiklopediyası da qardaş ölkədə nəşr olunacaqdır.
Valideynləri ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş Xocalı sakini Müslüm Behbudov da yaxınlarından eşitdiyi dəhşətlərdən danışmış, gənclərin bu vandalizmi unutmamaları üçün kitabların və filmlərin mühüm rolunu vurğulamışdır.
Azərbaycanlı yazıcı-publisist Ankaranın Gölbaşı rayonunda da görüş keçirəcək, burada Xocalı soyqırımı ilə bağlı çıxış edəcəkdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara