ANTARA-nın oxucuları Azərbaycan-İndoneziya əlaqələrinin inkişafı barədə məlumatlandırılıb
Cakarta, 25 fevral, AZƏRTAC
İndoneziyanın ANTARA Milli İnformasiya Agentliyi Azərbaycanın bu ölkədəki səfiri Tamerlan Qarayevin müsahibəsini yayıb.
İki dost ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafı ilə bağlı sualları cavablandıran səfir bildirib ki, Azərbaycan İndoneziyanın ikinci ən böyük xam neft təchizatçısıdır. İqtisadi sahədə olduğu kimi, siyasi sahədə də dostluq əlaqələri inkişaf edir. Əlaqələrimizin davamlı olaraq inkişaf etdirilməsinin yolları araşdırılır, xüsusilə də turizm və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsi üçün böyük potensial var.
Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığa toxunan diplomat vurğulayıb ki, dünyanın ən çox müsəlman turistlərinin olduğu İndoneziya üçün Azərbaycanın turizm sektoru kəşf edilməmiş, tamamilə yeni və maraqlı bir məkan ola bilər. Çünki Azərbaycan İslam tarixinə və mədəniyyətinə mühüm töhfələr vermiş coğrafiyanın bir hissəsidir.
Səfir humanitar sahədə həyata keçirilən qarşılıqlı layihələrdən də bəhs edib. Azərbaycan Dillər Universitetində İndoneziya dilinin tədris edilməsi, eləcə də Cokcakartada yerləşən Qacah Mada Universitetində Azərbaycan multikulturalizminin bu ildən etibarən tədrisinə başlanmasından danışıb. Bildirib ki, Qacah Mada Universitetində bu fənn Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə tədris olunur.
Bundan əlavə, Qacah Mada Universitetinin nəzdində Azərbaycan kafedrasının fəaliyyətə başlaması planlaşdırılır. İndoneziyalı tələbələr burada Azərbaycan dili, mədəniyyəti və xüsusilə də Azərbaycan multikulturalizmini öyrənəcəklər. Yerli tələbələrə bu dərsləri İndoneziya dili üzrə məşhur azərbaycanlı professor Həbib Zərbəliyev keçəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta