ORDU
Aprel döyüşlərinin ikinci ildönümü ilə əlaqədar silsilə hərbi-vətənpərvərlik tədbirləri keçirilir
Bakı, 7 aprel, AZƏRTAC
Gəncə qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən uğrunda” səyyar təşviqat dəstəsi Aprel döyüşlərinin ikinci ildönümü ilə əlaqədar “Aprel döyüşləri Azərbaycan Ordusunun hərb tarixinə yazılan şərəfli qürur tarixi, səlnaməsidir” devizi altında ön xətdə, cəbhəboyu zonada yerləşən hərbi hissələrdə və döyüş növbətçiliyi çəkən bölmələrdə silsilə hərbi-vətənpərvərlik tədbirləri keçirib.
AZƏRTAC xəbər verir ki, görüşlər zamanı hərbi qulluqçularla Vətənə, xalqa bağlılıq, dövlətə və hərbi anda sədaqət, düşmənə nifrət hissinin aşılanması ilə bağlı müxtəlif mövzularda söhbətlər aparılıb, şəxsi heyət üçün musiqili proqramlar təqdim olunub.
Tədbirlərdə Müdafiə Nazirliyinin, ictimaiyyətin nümayəndələrinin və döyüş iştirakçılarının iştirakı ilə şəhidlərin məzarları ziyarət olunub.
Hərbi qulluqçularla keçirilən görüşlərdə döyüş hazırlığında nizam-intizamın, hərbi biliklərin, peşəkarlığın vacibliyi və mənəvi-psixoloji hazırlıq mövzularında söhbətlər aparılıb. “Vətən uğrunda” səyyar təşviqat dəstəsinin avtoklub maşını vasitəsilə hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib.
Sonda “Əsgərə məktub” layihəsi çərçivəsində orta məktəb şagirdlərinin hərbi qulluqçulara yazdıqları məktublar oxunub və hərbçilər tərəfindən cavablandırılıb.