Aprel döyüşlərinin ildönümü münasibətilə YAP Səbail rayon təşkilatının qarşısında ağacəkmə aksiyası keçirilib
Bakı, 5 aprel, AZƏRTAC
2016-cı ilin aprelində Azərbaycan Ordusunun qazandığı tarixi qələbənin beşinci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qərargahının qarşısında ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və partiya fəalları iştirak ediblər.
Ağacəkmə aksiyası çərçivəsində 100-dən çox Eldar şamı əkilib. Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb.
Aksiya ilə bağlı müsahibə verən Ş.Hacıyev deyib: “Aprel döyüşləri 44 günlük Vətən müharibəsindəki şanlı Qələbənin əsas müjdəçisi idi. Biz bu Qələbəyə görə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevlə fəxr edir, Azərbaycan Ordusu ilə qürur duyur, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Biz hər zaman onların əziz xatirəsini yad edirik. Rayonumuzdakı şəhid ailələrinin, qazilərimizin gündəlik qayğıları daim diqqətdə saxlanılır. Otuz ilə yaxın işğal altında torpaqlarımız azad olunub. Biz düşmənə elə bir zərbə endirdik ki, onlar bir daha Azərbaycan torpaqlarına geri qayıtmayacaqlar. Yaşasın Müzəffər Ali Baş Komandanımız! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.