Aqrar Sığorta Fondunun sədri Biləsuvarda dörd rayonun sakinləri ilə görüşüb
Bakı, 25 oktyabr, AZƏRTAC
Oktyabrın 25-də Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Biləsuvar rayonunda Biləsuvar, Neftçala, Cəlilabad, Lənkəran rayonlarından olan vətəndaşlarla görüşüb.
Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən aqrar sığorta haqlarının hesablanması və ödənişi, əkin subsidiyalarının ödənilməsi ilə bağlı olub. Fermer və təsərrüfat nümayəndələri baş vermiş yanğın və təbiət hadisələri nəticəsində əkin sahələrinə dəyən zərərlərə görə sığorta ödənişlərinin verilməsi, əkin sahələrinin sığortalanması ilə bağlı Fond rəhbərliyinə suallar ünvanlayıblar.
İdarə Heyətinin sədri vətəndaşların müraciətlərini diqqətlə dinləyib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Görüş zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Bildirilib ki, aqrar sığorta dövlət tərəfindən aqrar sahədə çalışan fermer və təsərrüfatlara mühüm dəstək mexanizmidir. Sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər olduqca sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.
Qeyd olunub ki, son dövrlər baş verən təbiət hadisələri, o cümlədən sel və subasma halları bu mexanizmin vacibliyini bir daha təsdiqləyib. Fond rəhbəri fermerləri əkin sahələrini sığorta etməyə çağırıb.