REGİONLAR
“Aqroservis” ASC-nin sədri Masallıda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 23 oktyabr, AZƏRTAC
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov oktyabrın 23-də Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Masallı rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən çəltikçiliklə bağlı texnikaların yenilənməsi, texnikaların lizinq ödənişlərinin mövsümi olması, çəltik toxumları və texnika ehtiyat hissələri ilə təminat və digər məsələlərlə bağlı olub. “Aqroservis” sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
“Aqroservis” ASC-nin sədri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.