ARDNŞ-İN EKOLOGİYA İDARƏSİNDƏ ALMANİYANIN TEXNİKİ ƏMƏKDAŞLIQ CƏMİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ OLMUŞDUR
Bakı, 6 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun Ekologiya İdarəsinin ekoloji monitorinq departamentinin kompleks tədqiqat laboratoriyasında Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) nümayəndələri ilə görüş olmuşdur.
GTZ-nin eksperti Hartmut Yungenin başçılığı altında ölkəmizdə səfərdə olan heyətin tərkibində Almaniyanın Ekologiya Nazirliyinin nümayəndəsi xanım Astrid Makkaferi də görüşdə iştirak etmişdir. H.Yungen GTZ-nin nümayəndələrinin respublikamızda, xüsusən də Sumqayıt şəhərində həyata keçirdikləri layihələr haqqında məlumat vermiş, Sumqayıt şəhərinin istehsal müəssisələrinin ərazilərindəki torpaqların kadastr planının hazırlandığını qeyd etmişdir.
ARDNŞ-in Ekologiya İdarəsi rəisinin müavini Əflatun Həsənov qurumun struktur bölmələrinin fəaliyyəti haqqında qonaqlara müfəssəl məlumat vermişdir. Ekoloji monitorinq departamentinin kompleks tədqiqat laboratoriyasının gördüyü işlər slaydlar vasitəsilə qonaqlara nümayiş etdirilmişdir. Sonra qonaqlar laboratoriyanı gəzərək mütəxəssislər, onların yerinə yetirdiyi işlər və buradakı müasir avadanlığın iş prosesi ilə tanış olmuşlar. GTZ-nin nümayəndələri kompleks tədqiqat laboratoriyasında aparılan işləri yüksək dəyərləndirərək əməkdaşlara uğurlar arzulamışlar.
Görüşün sonunda tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılmışdır.