Arıçılıq məhsulları və qoz mürəbbəsi yerli qida istehsalçılarının əsas təsərrüfat sahələrindən birinə çevrilib
Bakı, 16 mart, AZƏRTAC
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Qax, Zaqatala və Balakən rayonlarını əhatə edən “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində bal və digər arıçılıq məhsullarının hazırlanması, düzgün qablaşdırılması və ekoloji təmiz qoz mürəbbəsinin hazırlanmasına dair təlimlər keçirilib.
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) AZƏRTAC-a verilən məlumata görə, təlimlərin əsas məqsədi istehsalçıların bazara çıxışına dəstək olmaq və qeyd olunan məhsulların brendləşdirilməsi, eyni zamanda ekoloji təmiz qoz mürəbbəsi və arıçılıq məhsullarının hazırlanma qaydalarını fermerlərə praktiki şəkildə göstərmək, onları istehsala cəlb etməkdir.
Qax rayonunda həyata keçirilən təlimlərdə arıçılığın təşkili, bal, polen, arı südü, mum, propolis, çiçək tozu, güləm və arı zəhərinin insan sağlamlığında əhəmiyyəti və bu kimi mövzular ətrafında müzakirələr aparılıb. Təlimlərdə arı yeşiklərinin daşınması və yeşik istehsalı zamanı materialın seçərkən mütəxəssislər tərəfindən polirutan materialdan istifadə edilməsi məsləhət görülüb.
Təlimin praktik məşqləri Qax rayonunun Ləkit kəndində yerləşən Bal Evində davam etdirilib. İştirakçılara arıçılıqda istifadə edilən müxtəlif qurğular, texnikalar və istifadə qaydaları təqdim olunub.
Ekoloji təmiz qoz mürəbbəsinin hazırlanaraq brendləşdirilməsinə dair təlimlər Zaqatala rayonunun Kebeloba kəndində məhsulun istehsalı və inkişaf etdirilməsi ilə əlaqədar müraciət etmiş qrupla birgə təşkil olunub. Təlimlərdə mütəxəssislərlə birgə istehsal qrupları iştirak edilib və praktik şəkildə qoz mürəbbəsi hazırlanması prosesi nümayiş edilib.
Təlim zamanı məhsulun hazırlanması, yığımdan əvvəl qoz ağaclarına aqrotexniki qulluq, yaşıl qozun yığılma qaydaları, qabığının əl ilə soyulması, soyulmuş qozun yodunun su ilə yuyulması, əhəngdən sonra deşilməsi, şərbətin hazırlanması və qoz mürəbbəsinin qablaşdırılması mərhələli şəkildə istehsalçı qrup üzvlərinə təqdim olunub.
Layihə Avropa İttifaqının maliyyə dəstəyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təşkilatçılığı ilə həyata keçirilib.