ARXİV HİTLERÇİLƏRİN TÖRƏTDİKLƏRİ DƏHŞƏTLƏRİ ÜZƏ ÇIXARIR
1942-ci il aprelin 20-də Hitlerin doğum günü münasibətlə Mauthauzen (Avstriya) həbs düşərgəsi komendantının fürerə hazırladığı “hədiyyə” bu düşərgədə açılmış “Totenbux”da (“Ölüm kitabı”) xüsusi dəqiqliklə təsvir edilir. “Böyük hadisə” şərəfinə edamlar üçün xüsusi olaraq üç yüz rus məhbus seçilmişdi.
Məhbuslardan hər biri ”Genikşşus” deyilən dəhşətli işgəncəyə məruz qalırdı. Siyahıda edam edilən məhbusun soyadı və nömrəsi, doğum tarixi və yeri təfərrüatı ilə göstərilmişdir. Üç yüz məhbus iki dəqiqədən bir güllələnirdi.
Nasistlərin ölüm düşərgələrinin və icbari əmək sisteminin 17 milyon qurbanı haqqında məlumat olan sənədlər bu həftə ilk dəfə üzə çıxarılmışdır.
Ötən altmış il ərzində onlardan ancaq Qırmızı Xaç Çəmiyyətinin axtarış xidməti nasistlərin dövründə itkin düşmüş milyonlarla insanın taleyini aydınlaşdırmaq məqsədi ilə istifadə edirdi. Qurbanların mənafelərini qorumağın zəruriliyini əsas tutan Almaniyanın etirazına görə sənədlər üzə çıxarılmırdı. Lakin on bir ölkə nümayəndələrinin daxil olduğu və arxivə nəzarət edən komissiya nəhayət, mayın 8-də sənədlərin tarixçilər üçün açılmasına razılıq vermişdir. Bu sənədlər nasistlərin qırğın maşınının işinə yeni nəzər salmağa imkan yaradır.
Arxivlər nasist hakimiyyətinin vəhşiliklərindən qısa, ancaq təsirli formada danışır. Sənədlərdən biri fransız Katrinanın ağlasığmaz ağır taleyinə həsr olunmuşdur. Katrina faşistlərin onu “nikahdankənar rəngli uşaq” doğduqdan sonra zorla sterilizə etdiklərindən şikayətləndiyinə görə gestapo tərəfindən həbsə alınmışdı. Digər sənəd 1937-ci ildə Buxenvalda göndərilən alman bankirin taleyindən xəbər verir. Gestapoya xəbər vermişdilər ki, o, nasist rejimini tənqid edir. 1944-cü ildə ona “tənbəlliyə görə” 25 şallaq vurulmuş, dindirmələrin birindən sonra isə ağzında bir dənə də diş qalmamışdır.
Arxivdə belə dəhşətli işgəncələrdən bəhs edən sənədlər saysız-hesabsızdır və onlardan hər birini oxuduqda adamın əti ürpəşir.
1945-ci ildən bəri Qırmızı Xaç Cəmiyyəti Bad Arolsendəki arxivin köməyi ilə 62 ölkədən 11 milyondan çox sorğuya cavab vermişdir. Onları nasistlərin dövründə yoxa çıxan adamların qohumları göndərirdilər. Təkcə ötən il 150 mindən artıq sorğu alınmışdır. Sənədlərdən kölə fəhlələrə kompensasiya tələb etməyə əsas vermək üçün də istifadə olunmuşdur.