Aşıq sənəti üzrə onlayn ustad dərsləri təşkil edilib
Bakı, 6 mart, AZƏRTAC
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Aşıqlar Birliyinin əməkdaşlığı ilə peşəkar müəllimlər tərəfindən aşıq sənəti üzrə onlayn ustad dərsləri təşkil edilib. Dərslər Prezident İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilib.
Uşaq-Gənclər İnkişaf Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ustad dərslərinin keçirilməsində əsas məqsəd aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgər sənətinin təbliğidir. Eyni zamanda, qədim və müasir el havalarının öyrənilməsi, qorunması, uşaq və gənclərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bu işin ölkənin regionlarında daha da canlandırılmasının təmin edilməsinə dəstək verilməsidir.
Ustad dərsləri Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Əməkdar mədəniyyət işçisi, dosent Nemət Qasımlı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimov və Fəzail Orucov tərəfindən keçirilib.
Tədbirdə respublika üzrə 9-20 yaş arası 200 nəfər gənc aşıq iştirak edib.
Üç gün davam edən ustad dərsləri onlayn keçirilib, “Facebook” üzərindən canlı yayımlanıb. “YouTube” səhifəsində gənc aşıqların müsabiqə üçün göndərdiyi videoçarxlarda 66 min izləmə qeydə alınıb.
Ustad dərsləri “Qarabağın musiqi tarixi - aşıq sənəti” Gənc Aşıqlar Onlayn Respublika Müsabiqəsi çərçivəsində keçirilib.