AŞPA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNƏ XÜSUSİ DİQQƏT YETİRİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının yanvarın 26-da keçirilmiş iclasında Gürcüstan Prezidenti Mixail Saakaşvili çıxış etmiş və deputatların suallarını cavablandırmışdır. Sonra Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Polşa xarici işlər nazirinin müavini Yan Truszkzinski komitənin sentyabr sessiyasından sonrakı dövrdə fəaliyyəti barədə hesabat vermişdir.
Ənənəyə görə, hesabat məruzəsindən sonra sədr deputatların ona ünvanlanmış suallarına cavab verir. Milli Məclisin deputatı Rafael Hüseynov Nazirlər Komitəsinin sədrinə aşağıdakı sualla müraciət etmişdir:
- Yanvarın 25-də Parlament Assambleyası cənab Devid Atkinsonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məruzəsini dinləyib müvafiq qətnamə qəbul etmişdir.
Mən, cənab Devid Atkinsonun hazırladığı məruzənin müzakirəsini, qəbul olunmuş qətnamə və tövsiyəni AŞPA-nın bu münaqişənin həllinə töhfəsi hesab edirəm. Bu sənədin qəbulundan sonra Nazirlər Komitəsi Ermənistanın Azərbaycana təcavüzünü sadəcə olaraq pisləməklə kifayətlənməyib və məsələ ilə ATƏT-in Minsk qrupunun məşğul olmasina dair dəlil arxasında gizlənməyib münaqişənin tezliklə həll edilməsinə öz konkret töhfəsini vermək üçün, nəhayət, səy göstərəcəkmi?
Nazirlər Komitəsinin sədri bu sualın cavabında bildirmişdir ki, AŞPA Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət yetirir. Nazirlər Komitəsi də öz növbəsində bu problemin həllində maraqlıdır. Deputat R.Hüseynovun sualından göründüyü kimi, münaqişənin həll olunmaması regionda sabitliyin qorunub saxlanması üçün ciddi təhlükə yaradır. Azərbaycan və Ermənistanda olmuş monitorinq qrupunun hazırladığı sənəddə də bu məsələ öz əksini tapmışdır. Avropa Şurası məsələnin həlli ilə bağlı mandata malik olması da, öz nüfuzundan istifadə edərək münaqişənin sülh yolu ilə çözülməsinə səy göstərir.
Monitorinq qrupunun səfərindən sonra Nazirlər Komitəsi sədrinin müavinləri yanvarın 12-də keçirdikləri yığıncaqda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycan və Ermənistan rəhbərlərindən səyləri artırmağı xahuş etməyi qərara almışlar. Nazirlər Komitəsi Parlament Assambleyası ilə birlikdə yaxın vaxtlarda bu məsələni nəzərdən keçirməyi gündəliyə daxil etmişdir.
Qaydalara görə, sual müəllifi Nazirlər Komitəsi sədrinin cavabından sonra növbəti sual vermək imkanına malikdir. Buna görə də R.Hüseynov əlavə olaraq sədrdən soruşmuşdur:
- Dövlət və hökumət başçılarının may ayında Varşavada keçiriləcək zirvə görüşündə Avropa Şurasının iki üzvünü qarşı-qarşıya qoyan bu münaqişənin həlli və ya ümumiyyətlə, Avropada dondurulmuş münaqişələr məsələsinə baxmaq niyyətiniz varmı?
Sədr əlavə suala cavabında demişdir ki, Avropa Şurasının üzvü olan dövlət başçılarının zirvə toplantısında bir çox təkliflərlə yanaşı, bu təklif də sammitin gündəliyinə daxil ediləcəkdir.
Daha sonra iclasda Serbiya-Çernoqoriyadan insan hüquqları üzrə Avropa Məhkəməsinə hakim seçilməsi, Avropa Şurasının üçüncü zirvə toplantısı, genetik cəhətdən dəyişdirilmiş orqanizmlə bağlı məsələlər müzakirə edilmiş, insan alveri ilə əlaqədar Avropa Şurası Konvensiyasının layihəsi nəzərdən keçirilmişdir.
Sesiya öz işini davam etdirir.
X X X
Sessiyaarası komitə və qruplarda keçirilmiş yığıncaqlar zamanı Azərbaycan deputatları Nairə Şahtaxtinskaya Monitorinq Komitəsi sədrinin müavini, Asim Mollazadə isə Yaxın Şərq üzrə alt komitənin sədri vəzifələrinə seçilmişlər.
Deputatlarımıza göstərilən bu etimad Azərbaycanın Avropa Şurasındakı nüfuzundan xəbər verir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq