Aşqarlar Kimyası İnstitutunda yeni sürtkü kompozisiyalarının yaradılması istiqamətində elmi tədqiqatlar aparılıb
Bakı, 6 iyul, AZƏRTAC
2020-ci ilin birinci yarısında Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda müxtəlif təyinatlı sürtkü yağlarının, xüsusən motor yağlarının müasir texnikada istifadə olunan yeni növ analoqlarının yaradılması sahəsində bir neçə istiqamətdə tədqiqat işləri aparılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu tədqiqatlar əsasən mineral və müəyyən nisbətli sintetik baza yağları əsasında motor yağları üçün sürtkü kompozisiyalarının yaradılmasını əhatə edib. Eyni zamanda, işlənmiş yağların regenerasiya prosesindən alınan nümunələrindən baza yağı kimi istifadə etməklə sürtkü kompozisiyalarının hazırlanması üzərində işlənilib.
Baza yağlarının alınması neftin emalı ilə bağlıdır. Hazırda respublikamızda onların istehsalı bizə məlum olmayan səbəblər üzündən dayandırılıb. Ona görə də tədqiqatlar xaricdən alınan baza yağları əsasında aparılıb. Müxtəlif funksional xassəli aşqarlardan ibarət xarici çoxfunksiyalı aşqar paketlərinin tədqiqi əsasında uyğun bir sıra dizel mühərrikləri üçün aşqar kompozisiyaları işlənib.
Hesabat dövründə, eyni zamanda, AMEA-nın Təcrübə-Sənaye Zavodunda istehsalı nəzərdə tutulan motor yağı üçün texniki şərt hazırlanıb.