“Astana Finance Days 2026” beynəlxalq forumu davam edir
Astana, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da “Astana” Beynəlxalq Maliyyə Mərkəzində (ABMM) “IX Astana Finance Days 2026: Delivering Impact. Capital in Action” beynəlxalq maliyyə forumu işinə davam edir.
AZƏRTAC xəbər verir ki, forumun ikinci gününün əsas müzakirə mövzuları Qazaxıstanın regional maliyyə və ticarət mərkəzi kimi rolu, kapital bazarının gələcək inkişafı, aviasiya maliyyələşdirilməsi, birbaşa investisiyalar, rəqəmsal aktivlər və İslam maliyyəsi, süni intellekt infrastrukturu, yaradıcı sənayelər, eləcə də dayanıqlı yeni maliyyələşdirmə alətləridir.
AZƏRTAC “Astana Finance Days 2026” forumunun rəsmi media tərəfdaşıdır.
Plenar sessiya çərçivəsində iştirakçılar Qazaxıstanın coğrafi mövqeyinin, nəqliyyat marşrutlarının, maliyyə infrastrukturunun və kapital bazarlarının inkişafının tranzit axınlarının investisiya layihələrinə, sövdələşmələrə və uzunmüddətli tərəfdaşlıqlara çevrilməsinə necə şərait yaradacağını müzakirə edirlər.
Forum çərçivəsində “Astana International Exchange” (AIX) birjasında könüllü bazarın karbon vahidləri ilə ticarətə rəsmi start veriləcək. AIX beynəlxalq “Verified Carbon Standard” (VCS) standartına uyğunluğu təsdiqlənmiş karbon vahidləri ilə ticarət üçün öz birja infrastrukturunu təqdim edən Mərkəzi Asiyanın ilk birjası olacaq.
Bundan başqa, forumun ikinci günü ərzində dayanıqlı maliyyələşdirmə, karbon layihələrinin inkişafı və investisiyaların cəlb edilməsi sahələrində bir sıra sənədlərin imzalanması planlaşdırılır.