ASTANADA QAZAXISTAN-AZƏRBAYCAN HÖKUMƏTLƏRARASI İQTİSADİ ƏMƏKDAŞLIQ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Astanada Qazaxıstan-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının beşinci iclası keçirilmişdir.
Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin və Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Suat Mınbayevin başçılıq etdiyi nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda hər iki ölkə arasında yanacaq-energetika, neft-kimya, nəqliyyat, rabitə, kənd təsərrüfatı məhsullarının, xüsusən də buğdanın idxal-ixracı, ekologiya, sərmayə qoyuluşu, investisiya sahəsində birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılmışdır. Borc öhdəliklərinin yerinə yetirilməsi, Aktauda Azərbaycan malları üçün anbar şəbəkəsinin tikilməsi və bir sıra digər məsələlər barədə müzakirələr aparılmışdır.
Vurğulanmışdır ki, aprelin 24-də ölkə parlamentinin Senatı Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə qoşulması ilə əlaqədar Hökumətlərarası sazişi ratifikasiya edəcəkdir. Bundan əvvəl isə martın 26-da bu sənəd Məclisdə təsdiqlənmişdi. Bildirilmişdir ki, hazırda “KazMunayQaz” Milli Şirkətinin ekspertləri Bakıdadır və yaxın vaxtlarda tərəflər texniki məsələlərin həllində razılığa gələcəklər.
Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilovun da iştirak etdiyi iclasın sonunda yekun porotokolu imzalanmışdır.