İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq ediləcək
Bakı, 12 iyun, AZƏRTAC
“Azerconnect Group” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, tərəfdaşlıq çərçivəsində “Azerconnect Group” təqdim etdiyi innovativ texnologiyalar və süni intellektəsaslı həllərlə qoruğun rəqəmsal transformasiyasına dəstək göstərəcək.
Tərəflər süni intellektəsaslı həllərin tətbiqi ilə ziyarətçi davranışlarının təhlili, fərdiləşdirilmiş xidmətlərin təqdim olunması, interaktiv rəqəmsal xəritələrin və audiobələdçinin yaradılması, smart turizm ekosisteminin qurulması kimi sahələrdə əməkdaşlıq edəcəklər. Bununla yanaşı, tarixi abidələrin 3D skanı, modelləşdirilməsi və rəqəmsal əkizlərinin formalaşdırılması istiqamətində layihələr icra olunacaq.