Astarada maarifləndirici təlim: gənclərin narkotik asılılığı probleminə dair bilikləri artırılır
Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Astara rayonunda “Səyyar gənclər xidməti” layihəsi çərçivəsində maarifləndirici təlim təşkil edilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
“Gənclərlə, gənclər üçün” şüarı altında keçirilən layihənin açılışında Astara Rayon İcra Hakimiyyətinin başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin nümayəndələri iştirak ediblər.
Gənclər üçün “Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsal bacarıqların artırılması”, “Təhsil və karyera”, “Sağlam həyat tərzi” mövzularında təlimsessiyaları, robototexnika və incəsənət sahələrində master-klaslar təşkil olunub, həmçinin rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilib.
Tədbir zamanı gənclərin narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, rəqəmsal mühitdə gizli narkotik riskləri, hüquqa zidd əməllər, hüquqi məsuliyyət və digər məsələlər barədə ətraflı məlumat verilmiş, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı təbliğat materialları gənclərə təqdim edilib.