Astarada torpaq sürüşməsi olub, bir ev qəzalı vəziyyətə düşüb
Astar, 15 sentyabr, AZƏRTAC
Astara rayonunun ucqar dağlıq ərazilərində torpaq sürüşməsi baş verib. Nəticədə vətəndaşa məxsus ev qəzalı vəziyyətə düşüb, piyada körpüsü uçub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son vaxtlar cənub bölgəsinə yağan güclü, aramsız yağışlar Astara rayonunun dağlıq ərazilərinin bir çox yerlərində torpaq sürüşmələrinə səbəb olub. Dağlardan sürüşən torpaq qatı Astara rayonunun Pəlikeş inzibati dairəsinə aid olan Lomin kənd sakini Aynagül Baloğlan qızı Nabatovaya məxsus evi qəzalı vəziyyətə salıb. İki metrə yaxın torpaq qatı əsasən evin arxa hissəsi və həyətyani sahəsini əhatə edib. Evin xanımı deyir ki, analoji hadisə 2019-cu ildə də baş verib. Həmin vaxt problem yaxınlarının köməkliyi ilə aradan qaldırılıb. Evin arxa divarı yenidən təmir olunub.
Aramsız yağışlar nəticəsində kənd ərazisindən keçən çay daşıb, piyada körpüsünü də uçurub. Çayın əks tərəfində qalan ailələr üçün gediş - gəliş çətinləşib. Sakinlərin sözlərinə görə, körpünün olmaması səbəbindən 15-ə yaxın şagirdin məktəbə getməsi çətinləşib.
Astara rayon icra hakimiyyəti başçısının Pəlikeş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xəqani Xalıqov AZƏRTAC-a bildirib ki, hadisəni eşidən kimi dərhal kənd sakinləri ilə birlikdə həmin ünvanda olduq və qısa bir vaxt ərzində ailəni atası evinə təxliyə etdik. “Vətəndaşlarla birlikdə həyətin içində müəyyən işləri gördük. Hazırda çayda su olduğuna görə texnikaların çayın o tərəfinə keçməsi mümkün deyil. Çayda suyun səviyyəsi aşağı düşəndən sonra ora ağır texnika aparılacaq və evin ətrafı təmizlənəcək. Piyada körpünü də sel suları aparıb. Çalışacağıq ki, qısa bir vaxtda orada vətəndaşların gedib - gəlməsi üçün piyada körpüsünü bərpa edək.
Qeyd edək ki, torpaq sürüşməsi nəticəsində evi qəzalı vəziyyətə düşən Aynagül Nabatovanın ailəsində ikisi azyaşlı olmaqla dörd nəfər yaşayır.