ATAA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN ƏDALƏTLİ HƏLLİNDƏ AZƏRBAYCANIN MÖVQEYİNİ DƏSTƏKLƏYİR
Ərcümənt Qılınc demişdir ki, bu, onun ölkəmizə ikinci səfəridir. Ötən müddət ərzində Azərbaycanda baş verən dəyişikliklər, demokratik inkişaf onda xoş təəssüratlar yaratmışdır. Səfərdən məqsəd nümayəndə heyətini ölkəmizlə yaxından tanış etmək, qurumla Azərbaycan arasında əlaqələri inkişaf etdirmək, eləcə də, Azərbaycanla Amerika arasında körpü rolunu oynamaqdır. Qurumun fəaliyyəti barədə məlumat verən prezident bildirmişdir ki, 1979-cu ildən fəaliyyətə başlayan ATAA bu günə qədər Türkiyə ilə Amerika arasında münasibətlərin genişlənməsində xeyli iş görmüşdür. Birləşmiş Ştatlarda təxminən 300 mindən çox türk mənşəli insan yaşayır. ATAA onların birləşməsində, problemlərinin həllində mühüm addımlar atmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın diaspor təşkilatlarının inkişafı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birləşməsi istiqamətində atdığı addımları yüksək qiymətləndirən Ərcümənt Qılınc bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən razı qaldığını bildirmişdir. O, həmçinin türk və Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyət göstərmələrində Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini xüsusi qeyd etmişdir.
ATAA-nın prezidenti Amerika, Avropa və Asiyada, eləcə də dünyanın digər bölgələrində yaşayan türk və azərbaycanlıların tam birliyinə nail olunmaq üçün müxtəlif addımlar atıldığını vurğulamışdır.
Türklərin, eləcə də azərbaycanlıların üzləşdikləri problemlər ATAA-nın diqqətindən kənarda qalmamışdır. Qurum, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı dünya ictimaiyyətinə ətraflı məlumat çatdırmağa hazırdır. Bunun üçün çoxlu əyani vəsait, yazılı ədəbiyyatlar lazımdır. Ərcümənt Qılınc Azərbaycan tərəfinin onları bu cür vəsaitlə təmin edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Sonra qonaqlar jurnalistləri maraqlandıran suallara cavab vermişlər.