ATƏT-İN PARLAMENT ASSAMBLEYASININ 17-Cİ YAY SESSİYASI ÖZ İŞİNİ DAVAM ETDİRİR
AZƏRTAC-ın xüsusi müxbiri Astanadan xəbər verir ki, iyunun 30-da ATƏT-in Parlament Assambleyasının (PA) 17-ci yay sessiyası öz işini davam etdirmişdir.
Sessiyada Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir.
İqtisadi məsələlər, elm, texnologiyalar və ətraf mühitin mühafizəsi Ümumi Komitəsinin iclasında “Ətraf mühitin mühafizəsi və təhlükəsizlik” məsələləri ilə əlaqədar Roland Blyumun məruzəsi müzakirə edilərkən ATƏT-in PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov demişdir: “Ermənistan Azərbaycanın 20 faiz ərazilərini işğal edəndən sonra ətraf mühitdə güclü dəyişikliklər müşahidə olunur. Ermənistanın işğalçı siyasəti və davam edən ekoloji vəhşilik bu zonanı ekoloji fəlakət və ərtaf mühitin çirklənməsi mənbəyinə çevirmişdir.
Ərazilərimizin işğal altında olan illərində 15 min hektardan çox nadir meşə, 28 flora və fauna növü məhv edilmiş, 65 min hektar torpaq sahəsi, yaşayış məntəqələri, qəbristanlıq və tarixi abidələr yandırılmışdır. Təssüflər olsun ki, erməni tərəfi beynəlxalq təşkilatların tövsiyyələrinə məhəl qoymur və bu vəhşilik bu gün də davam etdirilir”.
Eldar İbrahimovun sözlərinə görə ermənilər işğal zonalarında torpağı, suyu və havanı zəhərli axıntılar və sənaye müəssisələrinin tullantıları ilə zibilləyir və bununla da ətraf mühitə böyük ziyan vururlar. Bunun da nəticəsində hazırda Azərbaycanın Ağstafaçay, Araz və digər çaylarında insan orqanizmi üçün təhlükəli olan maddələrin miqdarı normadan 9-13 dəfə artıqdır.
Deputat qeyd etmişdir ki, Ermənistan Azərbaycanın işğal edilmiş zonalarından Metsamor atom elektrik stansiyasının tullantılarını saxlamaq və narkotik maddələr istehsal etmək üçün istifadə edir.
Eldar İbrahimov çıxışının sonunda demişdir: “İctimaiyyət üçün əhəmiyyətli olan bu məsələdə praktiki nəticələr əldə etmək üçün Ümumi Komitənin iclasında “Azərbaycanın işğql edilmiş ərazilərində ətraf mühitə vurulmuş erməni təcavüzü haqqında” məsələsinin müzakirə olunmasını zəruri hesab edirik. Eyni zamanda belə hesab edirik ki, ATƏT NATO ilə birgə Azərbaycanın işğal edilmiş zonalarında torpağın və suyun tərkibində zəhərli və radioaktiv maddələrin miqdarını öyrənmək məqsədilə monitorinq aparmalıdır”.
Sessiya öz işini davam etdirir.