ATƏT-in xüsusi nümayəndəsi Azərbaycanın insan alveri ilə mübarizə istiqamətində səylərini yüksək qiymətləndirir
Bakı, 13 mart, AZƏRTAC
ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi, səfir Mədinə Jarbussinova Azərbaycan hökumətinin insan alveri ilə mübarizə istiqamətində göstərdiyi səyləri təqdir etdiyini bildirib.
AZƏRTAC ATƏT-in saytına istinadla xəbər verir ki, M.Jarbussinovanın Azərbaycana dörd günlük səfərinin məqsədi ATƏT nümayəndələrinin 2012-ci ildə ölkəmizə səfərindən sonra hazırladığı rəsmi hesabatda əksini tapan tövsiyələrin hökumət tərəfindən yerinə yetirilməsinin qiymətləndirilməsi olub.
Xüsusi nümayəndə deyib: “Hökumətin bu sahədə göstərdiyi səyləri təqdir edirəm. İnsan alverinə qarşı tədbirlərin təkmilləşdirilməsinə dair qanunvericiliyə edilən son dəyişiklikləri də xüsusilə vurğulamaq istərdim”.
Bildirilib ki, qanunvericiliyə edilmiş iki əsas dəyişiklik insan alveri, habelə məcburi əməyin cinayət əməli kimi qeyd edilməsi, eləcə də insan alveri qurbanlarının repatriasiyasına dair qaydaların qəbulu ilə bağlıdır.
Qeyd edilib ki, Azərbaycanın inkişaf etməkdə olan iqtisadiyyatı onu əməkçi miqrantlar üçün daha da cəlbedici məkana çevirib. Buna görə də ölkə hazırda işçi miqrantların istismarının qarşısının alınması və onunla mübarizə kimi problemlərlə üzləşir. Buraya hüquqi tənzimləmə və icra mexanizmlərini mürəkkəb və davamlı olaraq dəyişən reallığa uyğunlaşdırmaq daxildir. ATƏT-in Bakı Layihə Əlaqələndiricisi bu sahədə hökumətlə uğurlu əməkdaşlıq edir, insan alveri ilə mübarizəyə dair hökumət və vətəndaş cəmiyyəti institutlarının səylərinə önəmli dəstəyini davam etdirəcək.
Səfir Azərbaycanın insan alveri ilə mübarizəyə dair qəbul etdiyi sonuncu Fəaliyyət Planında əməyin istismarı ilə mübarizə tədbirlərinə böyük diqqət ayrılmasından məmnunluğunu qeyd edib.