ATƏT PA SƏDRİNİN MÜAVİNİ BAKI SLAVYAN UNİVERSİTETİNDƏ OLMUŞDUR
Qonaq əvvəlcə bu təhsil ocağında yaradılmış Ukrayna Mədəniyyət Mərkəzini ziyarət etmişdir. Universitetin yaradılması, dünəni və bü günü haqqında O.Bilorusa ətraflı məlumat verilmiş, Ukrayna Mədəniyyət Mərkəzi və onun nəzdində yaradılmış Ukrayna Bazar günü Məktəbinin fəaliyyəti, burada slavyan dillərinin tədrisi, BSU və Ukrayna ali məktəbləri arasında müəllim-tələbə mübadiləsi haqqında söz açılmışdır. Bu əlaqələrin Ukrayna Prezidenti cənab Yuşşenkonun təhsil ocağına gəlişindən sonra daha da genişləndirildiyi xüsusi vurğulanmışdır.
Sonra Oleq Bilorus BSU-nun müəllim və tələbə heyəti ilə görüşmüşdür. Qonaq çıxışında xarici dillərin öyrənilməsinin əhəmiyyətindən danışmışdır. Bir neçə dildə sərbəst danışan cənab Bilorus tələbələrə də başqa dilləri öyrənməyi tövsiyə etmişdir. Bakı Slavyan Universitetində təhsilin, o cümlədən ukraynaşünaslıq sahəsində kadr hazırlığının səviyyəsindən razı qalan qonaq tələbələri maraqlandıran suallara cavab vermişdir.
O.Bilorus universitetin Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.