ATGTİ-nin Baş katibi: COP29-a dəstək məqsədilə İttifaq silsilə layihələr reallaşdırır
Bakı, 25 oktyabr, AZƏRTAC
COP29 kimi əhəmiyyətli bir tədbirə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenada böyük nüfuz qazanmasının vacib göstəricilərindən biridir. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) COP29 ilə bağlı keçirdiyi tədbirlər tələbə gənclərin maariflənməsində mühüm əhəmiyyət kəsb edir. COP29-a dəstək məqsədilə 65-dən çox layihənin icra olunması, 5000-dən çox gəncin əhatə edilməsi nəzərdə tutulur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında ATGTİ-nin Baş katibi Rəşad Zeynalov deyib. Baş katib diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəstək olmaq məqsədilə İttifaq (ATGTİ) silsilə layihələr reallaşdırmaqdadır: “İttifaq tərəfindən elan olunan proqram çərçivəsində yerlərdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatları (TGT) təbiətin, ətraf mühitin qorunması, biomüxtəliflik, yaşıl enerji və s. kimi COP29-un əsas mövzularına həsr olunmuş seminar, təlim, forum, yarış, mühazirə, simulyasiyalar və bu qəbildən olan fəaliyyətləri həyata keçirir. Fəaliyyətlər dövlət gənclər siyasətinə uyğun olaraq, təhsil müəssisələrində təhsil alan tələbələrin yeni təcrübələr əldə etməsinə, onların yeni bilik və bacarıqları mənimsəməsinə dəstək göstərir. Həmçinin gənclər yaşıl dünya, infrastruktur, iqtisadiyyat, enerji və digər bənzər sahələrdə özlərini inkişaf etdirərək və yeni məlumatlar öyrənir”.