ATİB NÜMAYƏNDƏ HEYƏTİNİN TÜRKİYƏYƏ SƏFƏRİ DAVAM EDİR
Daha sonra ATİB nümayəndə heyətinin Ankara ticarət və sənaye palatalarının sədrləri Sinan Aygün və Zəfər Çağlayan, Türkiyə Ticarət Palatasının sədri Rüfət Hisarcıklıoğlu ilə görüşləri keçirildi. Türkiyənin əmək və sosial təminat naziri Murat Başesgioğlu nümayəndə heyətinin üzvlərini qəbul etmişdir. ATİB üzvləri dövlət naziri Kürşat Tüzmen ilə də görüşmüşlər. Bütün bu görüşlər zamanı nümayəndə heyətinin üzvləri azərbaycanlı iş adamlarının türk həmkarları ilə əməkdaşlığa hazır olduqlarını, xarici və xüsusilə də türk sərmayəçiləri üçün geniş iş sahəsinin mövcud olduğunu vurğulamışlar.
Eyni zamanda, Türkiyə biznesmenləri də dəfələrlə Azərbaycana gəldiklərini və ümummilli lider Heydər Əliyevin səyləri sayəsində xarici kapital qoyuluşu üçün əsas şərt sayılan sabitliyin yaradıldığına, iqtisadiyyatın inkişaf etdiyinə və xarici sərmayələrin qorunduğuna şahid olduqlarını bildirmişlər. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı iş adamları ilə görüşünü və onları Azərbaycana dəvət etməsini yüksək qiymətləndirən ticarət və sənaye qurumlarının rəhbərləri türk iş adamlarının Azərbaycana getməsini tövsiyə etdiklərini, bunun üçün xüsusi reklam, məlumat kitabçalarının hazırlandığını vurğulamışlar.
ATİB heyətinin üzvləri Azərbaycanın böyük dostu, Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl və Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri, məşhur alim İhsan Doğramacı ilə də görüşmüşlər. Bu görüşlərdə həm cənab Süleyman Dəmirəl, həm cənab İhsan Doğramacı türk dünyasının görkəmli siyasi xadimi, unudulmaz Heydər Əliyev haqqında xatirələrini bölüşmüş, onun siyasi xəttinin davam etdirilməsinin vacibliyini söyləmişlər.
Nümayəndə heyətinin üzvləri Ankaradan İstanbula yola düşmüşlər.