AVROPA BİRLİYİ FÖVQƏLADƏ PROQRAMININ III TRANŞI HƏYATA KEÇİRİLİR
Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlikdən AZƏRTAC-ın müxbirinə verilən məlumata görə, Proqramın I və II tranşları üzrə bir çox obyektlərin yenidən qurulmasına 20 milyon avro sərf olunmuşdur. III tranş üzrə bərpa işləri M.F.Axundov adına milli kitabxanada, Bakı şəhərinin 8 tibb müəssisəsində aparılır. Bu tibb müəssisələri həmçinin müasir avadanlıq, mebel və inventarla təchiz olunacaqdır. 3 saylı Sabunçu xəstəxanasının bərpası üzrə müsabiqə keçirilmişdir. Bakı Radioaktiv Tullantılar Mərkəzinin yenidən qurulması həyata keçirilir. Azərbaycanda kimsəsiz və əlil uşaqlar üçün 9 internat məktəbinin bərpası aparılır. 7 xəstəxananın tibb avadanlığı, mebellə təchizatı üzrə sənədlər hazırlanmış və Avropa Komissiyasına təsdiqə göndərilmişdir.
Avropa Birliyinin III tranşının qənaəti hesabına keçirilən müsabiqələrin nəticələrinə görə, Şəki, Zaqatala və Qəbələ rayonlarında “Azəraqrartikinti” SC, İsmayıllı, Göyçay, Ağdaş rayonlarında “Azərsutəchizattikinti” SC, Naxçıvan MR-da Araz çayında Şərur Suvarma Sistemləri İdarəsi beton və daş dambaların sahilbərkitmə işlərini aparırlar. Həmin qənaət hesabına həmçinin, 5 şəhərin - Zaqatala, Qax, Balakən, Qusar və Mərəzənin içməli su təchizatının yaxşılaşdırılması üçün 10 avqust 2004-cü ildə müsabiqə keçirilmiş və onun nəticələri Avropa Komissiyasına təsdiqə göndərilmişdir.