Avropa Demokratiya və İnsan Haqları Fondu Avropa Parlamentinin qərəzli qətnaməsinə qəti etirazını bildirir
Bakı, 15 sentyabr, AZƏRTAC
Avropa Demokratiya və İnsan Haqları Fondu Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnaməyə qəti etirazını bildirir.
Fonddan AZƏRTAC-a bildiriblər ki, bu sənəddə Azərbaycanla bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığı, subyektiv və qərəzli xarakter daşıdığı açıq-aydın görünür. Qətnamədə ayrı-ayrı halların qərəzli şəkildə təqdim olunması və ümumiləşdirmə yolu ilə bütün ölkəyə şamil edilməsi onun hazırlanma metodologiyasının qüsurlu olduğunu təsdiq edir.
Qətnamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana nümayəndə heyəti göndərməsi təklif edilir, ancaq münaqişənin 20 ildən artıqdır ki, həll olunmaması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum olunması barədə Avropa Parlamentinin bir cümlə belə qeyd etmədiyi ciddi narahatlıq doğurur.
Məlumdur ki, Azərbaycan dövləti milli maraqlarına cavab verən konstruktiv təklif və tövsiyələrə həmişə açıq olub. Bu səbəbdən müstəqil və suveren dövlətin daxili işlərinə qarışılması, ona qarşı təzyiq məqsədilə qəbul olunmuş hər hansı sənəd qəti şəkildə qəbuledilməzdir.
Avropada demokratiyanın dayaqlarından biri kimi tanınan Avropa Parlamentinin belə gözlənilməz və anlaşılmaz addım atması bütövlükdə regionda və dünyada demokratik dəyərlərə və ədalət prinsiplərə vurulan zərbədir.
Avropa Demokratiya və İnsan Haqları Fondu Avropa strukturlarını Azərbaycana qarşı ikili standartlardan əl çəkməyə və beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa çağırır.