Avropa İttifaqı Şurasının Prezidenti: Rumıniyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyidir
Buxarest, 27 iyul, AZƏRTAC
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Rumıniyanın hava məkanının ardıcıl olaraq pilotsuz uçuş aparatları vasitəsilə pozulmasından sonra bu ölkəyə və Rumıniya xalqına tam dəstəyini ifadə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın “Știrile Pro TV” telekanalı məlumat yayıb.
Antonio Koşta bildirib ki, son 24 saat ərzində Rumıniyanın hava məkanı iki dəfə pilotsuz uçuş aparatlarının qanunsuz müdaxiləsinə məruz qalıb. O, Rumıniya hakimiyyətinin təhlükəyə operativ və peşəkar şəkildə reaksiya verməsini yüksək qiymətləndirərək, ölkənin müdafiə qurumlarını təbrik edib.
Avropa İttifaqı Şurasının Prezidenti vurğulayıb ki, Rumıniyanın təhlükəsizliyi bütün Avropanın təhlükəsizliyinin ayrılmaz hissəsidir. Onun sözlərinə görə, Avropa İttifaqı Rumıniya ilə tam həmrəylik nümayiş etdirir və xüsusilə şərq sərhədləri boyunca təhlükəsizlik, dayanıqlılıq və çəkindirmə imkanlarının daha da gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Rumıniyanın xarici işlər naziri Oana Toiu da Antonio Koştanın bəyanatını alqışlayaraq bildirib ki, bu mesaj Avropa həmrəyliyinin və kollektiv təhlükəsizlik prinsipinin aydın ifadəsidir. Nazir qeyd edib ki, Rumıniya Avropa İttifaqının xarici sərhədini qorumaqla yanaşı, ümumi Avropa təhlükəsizliyinə də mühüm töhfə verir.
Antonio Koştanın bəyanatı Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcılarının iki gün ardıcıl olaraq ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatlarını zərərsizləşdirməsindən sonra səsləndirilib.
Rumıniya Prezidenti Nikuşor Dan da bu cür hava məkanı pozuntularını qəbuledilməz adlandıraraq, onların həm NATO-nun, həm də Avropa İttifaqının hava məkanına qarşı yönəldiyini bildirib.