Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin qarşısında etiraz aksiyası keçirilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Beynəlxalq Diaspor Mərkəzi (BDM) Avropa İttifaqının Azərbaycanla bağlı qərəzli qətnamə qəbul etməsi ilə əlaqədar sentyabrın 12-də Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin qarşısında etiraz aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları Avropa Parlamentinin belə əsassız qətnamə qəbul edilməsini, qurumun ikili standartlarla yanaşmasını kəskin şəkildə pisləyiblər. Onlar “Avropa Parlamenti ikili standartlardan əl çək!”, “Avropa Parlamenti reallıq hissini itirib”, “Avropa Parlamenti ermənipərəst mövqe tutma!”, “Azərbaycanın daxili işlərinə qarışma!”, “Azərbaycana qarşı antitəbliğat işlərinə son qoyun!” kimi şüarlar səsləndiriblər.
Tədbirdə çıxış edənlər bu cür qarayaxma kampaniyalarına, ikili standartlara bütün xalqın etiraz etdiyini bildiriblər. Onlar Azərbaycanın növbəti parlament seçkilərinə hazırlaşdığı bir vaxtda bu cür çirkin kampaniyalarla üzləşməsinin böyük ədalətsizlik olduğunu qeyd ediblər.
Aksiyanın sonunda qətnamə oxunub, sonra Aİ-nin Azərbaycandakı nümayəndəliyinə təqdim edilib.
Qətnamədə deyilir ki, Azərbaycanın müstəqil siyasət həyata keçirməsi və bunun nəticəsində də böyük uğurlar qazanması müəyyən xarici qüvvələri narahat edir. Bu qüvvələr ölkəmizin beynəlxalq müstəvidə nüfuzuna zərbə vurmaq üçün fürsət axtarır, çox mühüm hadisələr ərəfəsində qərəzli kampaniyalar həyata keçirirlər. Avropa Parlamentində bundan əvvəlki qətnamə birinci Avropa Oyunları ərəfəsində qəbul olunmuşdu. Bu dəfə isə parlament seçkiləri kampaniyası dövründə analoji sənəd qəbul edilib. Qətnamədə əksini tapan fikirlərin hamısı əsassız ittihamlardır.
Bildirilir ki, Azərbaycan demokratik dövlətdir və qarşıdan gələn seçkilərin azad və ədalətli şəkildə keçiriləcəyi də şübhəsizdir. Amma müəyyən qüvvələr seçki amilindən istifadə edərək beynəlxalq aləmdə ölkəmizin demokratik imicinə zərbə vurmağa çalışırlar. Müasir dövrdə insan və vətəndaş hüquqlarının aliliyi dünyanın əksər ölkələri tərəfindən qəbul edilib. Azərbaycan da bu ölkələrin sırasındadır. Ölkəmizdə insan hüquqlarının və əsas azadlıqların təmin olunması üçün xeyli iş görülüb və bu işlər davam etdirilir.
Beynəlxalq Diaspor Mərkəzi Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnaməyə qəti etirazını bildirir və qurumu Azərbaycana qarşı ikili standartlardan əl çəkməyə, beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa çağırır.