Avropa Parlamentinin antiazərbaycan qətnaməsi ilk növbədə Qərbin neokolonialist ambisiyalarının növbəti təzahürüdür
Bakı, 15 sentyabr, AZƏRTAC
Avropa Parlamentinin məlum antiazərbaycan qətnaməsi ilk növbədə Qərbin neokolonialist ambisiyalarının növbəti təzahürüdür.
AZƏRTAC xəbər verir ki, bu fikir AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyevanın açıqlamasında öz əksini tapıb.
Gövhər Baxşəliyeva deyib: Tarixən Şərq xalqlarına ağalıq etmək iddiasında olan, onların maddi və mədəni sərvətlərini talan edən, xalqların minilliklərlə formalaşmış milli-mədəni və mental xüsusiyyətlərini nəzərə almadan yeni yaşam tərzini onlara diktə edən Qərb yenə də öz köhnə ambisiyalarından əl çəkmək istəmir. Bu siyasətin Ərəb Şərqində hansı fəlakətlərə gətirib çıxardığı göz önündədir. Yüz minlərlə insan həlak olub, yurd-yuvasından qaçqın-köçkün düşüb, şəhərlər, qiymətsiz tarixi abidələr xarabalığa çevrilib, insanlar səfalət, humanitar fəlakət, dərd-ələm, müharibənin bütün dəhşətləri ilə üzləşiblər. Bu günlərdə 3 yaşlı məsum suriyalı körpənin Aralıq dənizinin sularına qərq olmuş cəsədinin görüntüləri bütün bəşəriyyəti dəhşətə gətirdi. Böyük rus yazıçısı F.M.Dostoyevskinin sözləri yada düşür: “Heç bir, hətta ən gözəl belə ideya bir körpənin göz yaşına dəyməz”. Yaranmış xaos, özbaşınalıq və hərbi əməliyyatlardan doğan yeni hərəkat - İŞİD bu gün region üçün çox böyük təhlükəyə çevrilib.
İndi Azərbaycana müdaxilə etməyə çalışırlar, hansısa şərtlər diktə edirlər. Antiazərbaycan qətnamə kimlər tərəfindən hazırlanıb hamımıza yaxşı məlumdur. Rus yazıçısı A.A.Qriboyedovun məşhur kəlamı var: “Mühakimə edən kimlərdir? (А судьи кто)”. Avropa Parlamenti o təşkilatdır ki, 1987-ci ildən bədnam erməni genosidini tanıyıb. 2015-ci ilin 15 aprelində isə Avropa İttifaqının bütün ölkələrini erməni genosidini tanımağa çağırdı və 24 apreli Aİ-də erməni genosidi qurbanlarının xatirə günü elan edilməsi haqqında qətnamə qəbul etdi. Bu qətnamə ilə eyni zamanda Türkiyəyə müraciət olunurdu ki, erməni genosidini tanısın. Bizlərdə məsəl var: “De dostun kimdir, deyim sən kimsən”. Odur ki, belə qətnaməni qəbul edənlər yalnız ermənilərin dostları, ermənipərəst qüvvələrdir. Bəs Xocalı qətliamını, 1 milyon azərbaycanlı qaçqın-köçkünü, işğal olunmuş 20 faiz Azərbaycan ərazilərini psevdodemokratlar görmürlərmi, niyə bu haqda qətnamələr qəbul etmirlər, bumudur Avropa demokratiyası?
Görünür, məşhur ingilis yazıçısı Kiplinq haqlı imiş yazanda: “Şərq Şərqdir, Qərb isə Qərb, onlar heç vaxt bir araya gəlməyəcəklər”. Tarixən öz mədəni inkişafına və intellektual potensialına görə əksər Avropa xalqlarını arxada qoyan xalqımızın ermənipərəst qüvvələrin müdaxiləsinə və tövsiyələrinə heç bir ehtiyacı yoxdur. Elə həmin avropalılar əsrlərlə bütün Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının maddi və mədəni sərvətlərini talayıb, minlərlə misilsiz sənət əsərlərini Avropa muzeylərinə daşıyıblar.
Biz hamımız Azərbaycan adlı gəminin sərnişinləriyik. Böyük, çətin bir yola çıxmışıq. Bu yolda bizi hər növ təhlükə və təxribat gözləyir. Mənzil başına uğurla çatmaq hər birimizdən asılıdır. Bunun üçün gəmi kapitanı - Prezidentimizin ətrafında sıx birləşməli, intizama ciddi riayət etməli, hər növ təxribatı və hərc-mərcliyi rədd edərək vahid ideya, məram ətrafında güclü, ərazicə bütöv, çiçəklənən Azərbaycan naminə sıx birləşməliyik. Buna Prezidentimiz İlham Əliyevin milli maraqlara xidmət edən müstəqil siyasəti zəmanət verir.