AVROPALILAR İRANA TƏHLÜKƏSİZLİK TƏMİNATI VERMƏYİ TƏKLİF ETMƏMİŞLƏR
Jurnalistlər üçün müntəzəm keçirilən brifinqdə T.Keysidən xahiş olunmuşdur ki, İrana təhlükəsizlik təminatı verilməsi məsələsinin Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, ÇXR və AFR təmsilçilərinin iştirakı ilə mayın 24-də Londonda keçiriləcək görüşün gündəliyinə çıxarılacağı barədə Fransa XİN-in nümayəndəsinin bəyanatını şərh etsin. Keysi demişdir: “Dövlət katibi Rays bu barədə bəyanat vermişdir, mən heç nə əlavə edə bilmərəm”.
Kondoliza Rays “Foks” teleşirkətinə müsahibəsində demişdir ki, heç bir təhlükəsizlik təminatından söhbət gedə bilməz. Nüvə məsələsindən savayı, İrana qarşı başqa tələblər də var. Məsələn, Tehranın İsraili məhv etmək çağırışı və onun Yaxın Şərqdə sülh prosesinə müdaxiləsi məsələləri bu qəbildəndir.
Buna baxmayaraq, Avropa İttifaqının, habelə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) bəzi rəsmi şəxslərinin fikrincə, Tehran uranın saflaşdırılması prosesini dayandırmağa yalnız ABŞ-ın İranın hakim rejimini heç vaxt devirməyəcəyi barədə vədindən sonra razılıq verə bilər.
Vaşinqtona gələn BAEA-nın başçısı Məhəmməd əl-Baradei Ağ evi inandırmağa çalışır ki, Tehranla təkcə AES-ə uran gətirilməsini deyil, həm də təhlükəsizlik məsələlərini əhatə edən müqavilə bağlamaq lazımdır. Bu məqsədlə o, dövlət katibi K.Rays və ABŞ-ın bir sıra yüksək vəzifəli dövlət məmurları ilə görüşəcəkdir.