Avstraliya ilə Yeni Zelandiya arasında ikitərəfli hava əlaqəsi bərpa edilib
Tokio, 19 aprel, AZƏRTAC
Aprelin 19-dan Avstraliya ilə Yeni Zelandiya arasında ikitərəfli hava əlaqəsi üçün karantinsiz azad zona açılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skott Morrison deyib.
Baş nazir, həmçinin qeyd edib ki, ikitərəfli azad hava nəqliyyatının hərəkətinin bərpa edilməsi hər iki ölkənin iqtisadi bərpasına kömək etməklə yanaşı, pandemiyaya qarşı mübarizə və onun nəticələrinin aradan qaldırılması üçün qüvvələri birləşdirməyə şərait yaradır.
Xatırladaq ki, Avstraliya və Yeni Zelandiya öz aralarında beynəlxalq sərhədləri ötən ilin martında koronavirus pandemiyasına görə bağlayıblar. 2020-ci ilin yayında rəsmi Vellinqton sərhədləri mərhələlərlə açmaq barədə qərar qəbul etsə də, ölkəyə gələnlərin məcburi qaydada karantində qalması şərtini irəli sürüb. Kanberra isə geri dönənlərin həftəlik sayının 3 mindən çox olmaması şərti ilə yalnız öz vətəndaşlarının ölkəyə qayıtmasına icazə verib. Bildirilir ki, Avstraliya sərhədləri əcnəbilər üçün 2022-ci ilin sonunadək bağlı qalacaq.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Avstraliyada koronavirusa yoluxanların ümumi sayı 29 min 519 nəfərdir və onlardan 900-ü həyatını itirib. Yeni Zelandiyada isə, ümumilikdə 2595 nəfərdə koronavirus qeydə alınıb və bu virusun yaratdığı xəstəlikdən 26 nəfər ölüb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio