“Avstriya Hava Yolları” aviaşirkətinin böhrandan xilası üçün yardım paketi təqdim edilib
Vyana, 8 iyun, AZƏRTAC
Avstriya hökuməti “Avstriya Hava Yolları“ (AUA) aviaşirkətinə böhrandan çıxmaq üçün maliyyə dəstəyi göstərəcək.
AZƏRTAC xəbər verir ki, iyunun 8-də Avstriyanın Federal Kansleri aviaşirkətin xilası üçün maliyyə paketinin artıq hazır olduğunu bildirib. Federal Kanslerin sözlərinə görə, pandemiya ilə əlaqədar çətin vəziyyətə düşən aviaşirkətə ümumilikdə 600 milyon avro dəyərində yardım göstəriləcək.
Aviaşirkətin daxil olduğu “Lufthansa“ konserni ilə aparılan danışıqların nəticəsində Avstriya dövləti “Avstriya Hava Yolları”na 150 milyon avro subsidiya verəcək. Eyni məbləğdə subsidiyanı isə “Lufthansa” konserni təqdim etməlidir. Avstriya banklarından ibarət konsorsiumun da 300 milyon avro həcmində kredit verməsi barədə razılıq əldə edilib.
Federal Kansler qeyd edib ki, intensiv danışıqların nəticəsində aviaşirkətin yeddi min işçisinin əksər hissəsinin iş yerləri xilas edilib və konsern tərəfindən Vyana beynəlxalq hava limanının AUA üçün əsas baza olaraq qalacağı zəmanəti verilib.
Qeyd edək ki, mart ayının ortalarından uçuşları dayandıran AUA iyunun 15-dən Avropa daxilində reysləri bərpa edəcək. Pandemiya dövründə 197 milyon avro zərərə düşən aviaşirkət yaxın gələcəkdə əməkdaşlarının sayını təxminən min nəfər azaltmalı olacaq, donanmasındakı təyyarələrin sayı isə 80-dən 60-a düşəcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana