Avstriyalı siyasətçi internet konsernlərindən həmrəylik ödənişi tələb edir
Vyana, 22 aprel, AZƏRTAC
Koronavirus pandemiyası hazırda dünyanın əksər ölkələrində iqtisadiyyata ağır zərbə vurub. Lakin bu ağır dövrdə koronavirus böhranından qazanc əldə edənlər də az deyil. Bu məsələdə ön cərgədə iqtisadi fəaliyyətini internet vasitəsilə təşkil edən şirkətlər gəlir.
AZƏRTAC xəbər verir ki, Avstriya Sosial-Demokratlar Partiyasının təmsilçisi Maks Lerxer internet nəhəngləri və milyarderlərdən həmrəylik ödənişi tutulmasını tələb edir. Onun sözlərinə görə, iqtisadiyyatın indiki ağır vəziyyətində Avstriyada rəsmi qərargahı olmayan və beləliklə bu ölkədə vergi ödəməkdən azad olan “rəqəmsal konsernlər” pandemiyaya görə fəaliyyətini dayandırmağa məcbur olan ticarət obyektləri və müəssisələrin xidmətlərini həyata keçirirlər. Onlar Avstriyada əldə etdikləri vəsaitlərdən isə dövlət büdcəsinə vergi ödəmirlər, çünki bu ölkədə vergiödəyicisi deyillər.
Siyasətçinin əsas hədəfində isə “Amazon“ korporasiyası dayanır. O, ölkə və Avropa parlamentinə müraciət ünvanlayaraq tələb edib ki, Avropada fəaliyyət göstərən, illik dövriyyəsi 750 milyon avrodan yüksək olan və bu vəsaitin 80 faizindən çoxunu müştərilərə internet xidmətləri əsasında əldə edən beynəlxalq konsernlərindən illik dövriyyənin 10 faizi həcmində həmrəylik ödənişi tutulsun və həmin vəsait müvafiq dövriyyəyə nisbətdə üzv ölkələr arasında bölüşdürülsün. Siyasətçiyə görə, bu il təkcə “Amazon“ şirkəti 2,5-3 milyard avro ödəniş edə bilər.
Qeyd edək ki, internet nəhənglərinin Avropada vergilərə cəlb edilməsi tələbi yeni məsələ deyil. Lakin Avropa İttifaqında bu məsələdə vahid mövqe əldə edilə bilmir. “Amazon“ korporasiyası 2016-cı ildə Avropada 16,5 milyon avro vergi ödəyib və bu rəqəm onun qitədəki dövriyyəsinin 0,07 faizinə bərabər olub.
M.Lerxer bu şirkətlərin vergi ödəməməklə qeyri-bərabər rəqabət üstünlüyünə malik olduğunu və dövlətə vergi ödəyən, yerli əhalini işlə təmin edən şirkətlərə qarşı ədalətsiz yanaşmaya son qoymağın vaxtının çatdığını vurğulayıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana