A.YAKOVENKO: AZƏRBAYCANLA RUSİYA ARASINDA MÜNASİBƏTLƏR FƏAL İNKİŞAF EDİR
Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Yakovenko bildirmişdir ki, Azərbaycanla Rusiya arasında münasibətlər fəal inkişaf edir. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bunu o, yanvarın 28-də Moskvada keçirilən mətbuat konfransında açıqlamışdır.
A.Yakovenko bu yaxınlarda Azərbaycanda İTAR-TASS günləri çərçivəsində dövlətimizin başçısı İlham Əliyevlə görüşdə iştirakından danışaraq bildirdi ki, bu söhbət iki saatadək çəkdi və çox maraqlı oldu. O dedi: “Görüşdə nəinki dövlətlərimizin ikitərəfli əlaqələrinə, siyasi dialoqa toxunuldu, həm də, ümumən, respublikanın inkişaf perspektivləri, təkcə siyasi sahədə deyil, iqtisadi sahədə də əməkdaşlığımızın perspektivləri barədə Prezidentin söylədiyi çox maraqlı fikirlər unudulmaz təsir bağışladı. Biz Bakıda İTAR-TASS günlərinin keçirilməsi səviyyəsindən həqiqətən məmnun olduq. Elə həmin dövrdə Rusiya Federasiyasının bir neçə nazirinin, Federasiya Şurası nümayəndələrinin, Rusiya ictimai xadimlərinin iştirakı ilə çox maraqlı konfrans keçirildi. Azərbaycan Prezidenti ilə görüşdə sərbəst fikir mübadiləsi aparılması sübut edir ki, ölkələrimizin çox yaxşı inkişaf perspektivləri var. Yeri gəlmişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 2-də Azərbaycana səfər edəcəkdir. Biz Bakıda müzakirə üçün bir çox mühüm məsələlər nəzərdə tutmuşuq. Çünki hesab edirik ki, belə siyasi dialoq ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verəcəkdir”.
Rusiya XİN-in rəsmi nümayəndəsi xatırlatdı ki, 2005-ci ildə Rusiyada Azərbaycan ili keçiriləcək və bu, sadəcə, Azərbaycan mədəniyyəti günləri deyil, daha geniş tədbir olacaqdır. Yeri gəlmişkən, Prezident İlham Əliyev bu barədə ətraflı danışaraq dedi ki, bu, Azərbaycan xalqı üçün də çox mühümdür.
A.Yakovenko bildirdi ki, Azərbaycan ili Moskvada və bütün Rusiyada geniş qeyd olunacaqdır. Ümidvarıq ki, bu tədbir ölkələrimiz arasında əməkdaşlığın, əlaqələrin daha da genişlənməsinə kömək göstərəcəkdir. Axı, Rusiyada çox böyük Azərbaycan diasporu var və o, öz xalqını Rusiyada layiqincə təmsil edir. Rusiyada, ümumən, 120-dək millətin nümayəndələri yaşayır və biz istəyirik ki, burada hamı üçün rahatlıq olsun, çünki bu, ölkələrimizi birləşdirən, insanlar arasında ünsiyyətin, mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətin inkişafı üçün əlavə imkanlar yaradan körpüdür.
A.Yakovenko sonda dedi: “Söz düşmüşkən, mən bir məsələyə xüsusi fikir verdim. Son vaxtlar Azərbaycanda rusdilli qəzetlərin sayı xeyli artmışdır. Mütəxəssislər hətta bildirdilər ki, indi qəzetlər Sovet İttifaqı dövründəkindən dəfələrlə çoxdur. Bu faktdır və onu göstərir ki, Azərbaycan rəhbərliyi rus dilinə hörmət bəsləyir. Bu, bizim üçün çox əhəmiyyətli faktdır. Rus dilinə belə diqqət yetirdiklərinə görə azərbaycanlı dostlarımıza minnətdarıq”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva