AYB-də kitab təqdimatı - “Öz içindən yanan bir ocağam mən”
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin hazırladığı “Öz içindən yanan bir ocağam mən” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı çıxış edərək kitab haqqında ətraflı məlumat verib.
Qeyd edib ki, nəşrdə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin 85 illiyinə həsr olunmuş yubiley tədbirindəki çıxışlar və görkəmli şəxslərin fikirləri, haqqında yazılan məqalələr, şairə həsr olunmuş şeirlər, fikirlər yer alıb: “Bütün bunlar Mirvarid Dilbazi adına, yaradıcılığına sevgidir, böyük dəyərdir. Bu gün Mirvarid Dilbazi haqqında işıq üzü görən yeni kitab istəkli oxucuların ixtiyarına verilir”.
Tədbirdə çıxış edən ziyalılar, Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, filologiya elmləri doktoru Fəridə Ləman, Tibb Universitetinin baş müəllimi Aidə Bəndəliyeva, publisist-politoloq Reyhan Mirzəzadə, neftçi-şair Zaməddin Ziyadoğlu, rəssam Qafar Sarıvəlli və söz adamları, poeziya vurğunları çıxış edərək, kitab haqqında təəssüratlarını bölüşüblər.
Kitabın redaktoru Güllü Eldar Tomarlı, məsləhətçisi Səbuhi Ordubadlı, texniki redaktoru və çapa hazırlayanı Vüsal Sehranoğlu, rəyçilər- AYB Qazax zona bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin idarə heyətinin üzvü Səringül Sadədir.