AZƏRBAYCAN-ABŞ MÜNASİBƏTLƏRİ BÜTÜN SAHƏLƏRDƏ SÜRƏTLƏ İNKİŞAF EDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Azərbaycan-ABŞ münasibətlərinin bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulamış, hərbi sahədə əməkdaşlığın həm ikitərəfli əsaslarda, həm də NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində davam etdiyini diqqətə çatdırmışdır. S.Əbiyev demişdir ki, Azərbaycan ABŞ və NATO ilə əlaqələri vahid əməkdaşlığın tərkib hissələri kimi qiymətləndirir.
Səmimi görüşə görə təşəkkürünü bildirən C.MakDuqal, Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfeldin salamlarını və xoş arzularını çatdırmış, terrorizmə qarşı qlobal mübarizədə fəal iştirakına görə ABŞ hökuməti və xalqının Azərbaycana minnətdar olduğunu söyləmiş, ABŞ-Azərbaycan əməkdaşlığı üçün böyük perspektivlərin mövcudluğunu diqqətə çatdırmışdır.
C.MakDuqal Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a rəsmi səfərinin ölkələrimiz arasında münasibətlərin inkişafı üçün böyük zəmin yaratdığını vurğulayaraq demişdir ki, biz müdafiə, təhlükəsizlik və iqtisadi sahədə əməkdaşlığımızın daha da təkmilləşməsi ərəfəsindəyik.
ABŞ rəsmisi Azərbaycanın NATO ilə əməkdaşlığının Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı çərçivəsində davam etməsini ölkəmiz üçün böyük uğur kimi qiymətləndirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir S.Əbiyev, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın rolunu yüksək qiymətləndirmişdir. O demişdir ki, Azərbaycanın işğal olunmuş əraziləri nə qədər tez azad edilərsə, Azərbaycan-ABŞ əməkdaşlığı bütün istiqamətlərdə yeni vüsət alacaqdır.
General-polkovnik S.Əbiyev Azərbaycanın Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının bütün müddəalarını vaxtında və keyfiyyətlə yerinə yetirmək əzmində olduğunu diqqətə çarpdırmışdır.
Görüşdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında çoxsahəli əməkdaşlığın müxtəlif aspektlərinə, Cənubi Qafqazda mövcud hərbi-siyasi vəziyyətə, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılmışdır.
ABŞ-ın Azərbaycandakı səfiri xanım Ann Ders görüşdə iştirak etmişdir.