Azərbaycan Ağsaqqallar Şurasının toplantısında Xocalı faciəsi qurbanlarının xatirəsi yad olunmuşdur
Bakı, 21 fevral (AZƏRTAC). Fevralın 21-də Azərbaycan Ağsaqqallar Şurasında Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı anma mərasimi olmuşdur.
AZƏRTAC xəbər verir ki, Şuranın sədri, akademik Budaq Budaqov tədbiri açdıqdan sonra Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
B.Budaqov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən, Xocalı soyqırımı ilə bağlı həqiqətlərdən danışmış, ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri son iki yüz ilin ən dəhşətli soyqırımı kimi səciyyələndirmişdir.
Ağsaqqallar Şurası sədrinin müavinləri professor Əli Həsənov, Bayram Yusifov, qurumun icra aparatının rəhbəri Famil Gözəlov, rəyasət heyətinin üzvləri, hadisənin canlı şahidləri çıxış etmiş hadisə ilə bağlı fikirlərini bölüşmüşlər. Xocalıda törədilmiş hadisələrin insanlığa qarşı bəşəri bir cinayət olduğunu vurğulamış, beynəlxalq ictimaiyyəti cinayətkarların cəzalandırılaraq ədalət məhkəməsinə verilməsi üçün bütün imkanlardan istifadə etməyə çağırmışlar.
Diqqətə çatdırılmışdır ki, bir gecənin içində erməni qəsbkarları 613 nəfəri vəhşiliklə qətlə yetirmiş, 487 nəfər şikəst olmuşdur. 1275 adam müxtəlif işgəncələrə məruz qalmışdır.
Tədbirdə Prezident İlham Əliyevin tapşırığı ilə son illər Xocalı hadisələrinin bütün dünyada tanınması və dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülən işlər xüsusi vurğulanmışdır.
Ağsaqqallar Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun tezliklə torpaqlarımızı erməni işğalından azad edəcəyinə əminliklərini ifadə etmişlər.
Sonda Xocalı faciəsi qurbanlarının ruhuna dualar oxunmuşdur.