“Azərbaycan ali təhsil müəssisələrində elektron təhsilin tətbiqi” adlı ikigünlük onlayn təlim keçirilib
Naxçıvan, 9 mart, AZƏRTAC
“Naxçıvan” Universiteti Azərbaycan Milli Erasmus ofisi ilə birgə “Erasmus+” proqramı Texniki Dəstək Missiyası (TAM) layihəsi çərçivəsində “Azərbaycan ali təhsil müəssisələrində elektron təhsilin tətbiqi” adlı ikigünlük onlayn təlim təşkil edib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva müasir innovasiyaların təhsildə tətbiqinin önəmindən danışıb. Bildirib ki, xüsusən hazırkı pandemiya dövründə bu prosesin əhəmiyyəti daha aydın görünür. Buna görə də, “Naxçıvan” Universiteti təhsildə innovasiyaların tətbiqi istiqamətində mühüm addımlar atır. Təlimin keçirilməsini də bu addımlardan biri kimi dəyərləndirmək olar.
Sonra Azərbaycan Milli Erasmus ofisinin rəhbəri Pərviz Bağırov TAM layihəsi haqqında məlumat verib. Daha sonra təlimçi, “Berinfor” Agentliyinin eksperti Felix Seyfarth “İdeyadan filmə - digital bacarıqların universitet kurikulumuna inteqrasiyası” mövzusunda təlim keçib. Həmçinin “2020-ci ildə kursların onlayn təhsilə uyğun olaraq aparılması” mövzusunda iştirakçılara məlumat verib.
Təlimin ikinci günü “Təşkilati perspektiv yanaşmada digital təhsil və öyrənimənin rolu” mövzusunda iştirakçıları məlumatlandıran Felix Seyfarth, günün ikinci yarısında digital formatda yeni pedaqoji yanaşmanın formalaşdırılmasından bəhs edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.