Azərbaycan Avropa Əmanət Sığortaçıları Forumunun illik görüşündə təmsil olunub
Bakı, 22 iyul, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri Rumıniyanın Buxarest şəhərində keçirilən Avropa Əmanət Sığortaçıları Forumunun (European Forum of Deposit Insurers – EFDI) 2026-cı il üzrə illik görüşündə iştirak edib.
Fonddan AZƏRTAC-a bildirilib ki, illik görüş çərçivəsində təşkil olunan İnvestisiyaların Sığortalanması Mexanizmi (İSM) üzrə beynəlxalq konfransda panelist qismində çıxış edən fondun Sığorta və risklərin idarə edilməsi departamentinin direktoru Cəlal Rayi investisiyaların sığortalanması mexanizmlərinin yaradılmasının əhəmiyyəti, yeni təsis olunan İSM-lərin formalaşdırılması zamanı qarşıya çıxan institusional və hüquqi çağırışlar, eləcə də bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı mövqeyini ifadə edib.
Panel Kanadanın İnvestorların Qorunması Fondunun vitse-prezidenti Ilana Singerin moderatorluğu ilə keçirilib. Müzakirələrdə ABŞ-nin Qiymətli Kağızlar üzrə İnvestor Qoruma Korporasiyasının prezidenti Michael Post, Dünya Bankının aparıcı mütəxəssisi Ana Carvajal və Qərbi Afrika kapital bazarları üzrə mütəxəssisi Ripert Bossoukpe panelist qismində iştirak ediblər.
Əmanətlərin Sığortalanması Fondunun EFDI-nın illik görüşündə təmsil olunması beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və əmanətlərin sığortalanması sahəsində institusional potensialın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Avropa Əmanət Sığortaçıları Forumu (EFDI) əmanətlərin sığortalanması və investorların qorunması sahəsində fəaliyyət göstərən milli qurumları bir araya gətirən, qabaqcıl beynəlxalq təcrübənin paylaşılması, peşəkar əməkdaşlığın inkişaf etdirilməsi və maliyyə sabitliyinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlardan biridir.