“AZƏRBAYCAN-AVROPA VELOSİPED YÜRÜŞÜ” GƏNCƏDƏ BAŞA ÇATMIŞDIR
Gəncə, 5 sentyabr (AZƏRTAC).Ekologiya ili çərçivəsində Xarici İşlər, İdman və Gənclər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, NATO və Azərbaycandakı Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə avqustun 28-dən sentyabrın 6-dək ölkəmizdə təşkil edilmiş “Azərbaycan-Avropa Velosiped Yürüşü” sentyabrın 5-də Gəncədə başa çatmışdır.
Ətraf mühitin qorunması, enerji və ərzaq təhlükəsiszliyi, sağlam həyat tərzi, ekoloji maarifləndirmə ideyalarının təbliğ edilməsi və eləcə də velosiped idmanının Azərbaycanda dəstəklənməsi məqsədilə keçirilən yürüşdə 16 ölkədən iştirak edən 21 idmançı Gəncənin mərkəzi meydanında şəhər ictimaiyyətinin nümayəndələri tərəfindən gül-çıçəklə qarşılanmış, burada musiqili fəvvarə önündə xatirə şəkli çəkdirmişlər.
Yürüş iştirakçıları səmimi qarşılandıqları üçün gəncəlilərə minnətdarlıqlarını bildirmişlər. Sonra layihənin embleminin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə respublika xarici işlər nazirinin müavini, velosiped yürüşünün iştirakçısı Araz Əzimov çıxış edərək tədbirin məqsəd və vəzifələrindən danışmış, yürüşün sponsorları olan “AzMeCo”, “Azersell”, “Nissan”, “Coca-cola” və “Buta” şirkətlərinə, yürüşdə dözüm nümayiş etdirən hər bir iştirakçıya minnətdarlığını bildirmişdir.
Sonra iştirakçılara yürüşün emblemləri təqdim edilmiş və layihənin başa çatdığı elan olunmuşdur.
######
![]() |
![]() |

