SİYASƏT
AZƏRBAYCAN-AVSTRİYA MÜŞTƏRƏK KOMİSSİYASININ İKİNCİ İCLASI
Mayin 3-də “Həyat Park” otelində Azərbaycan-Avstriya müştərək komissiyasının ikinci iclası olmuşdur. 1998-ci ilin noyabr ayında yaranmış komissiyanın fəaliyyətinin əsas istiqamətləri iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq yaratmaqdır. Komissiyanın Azərbaycandan olan həmsədri Fərhad Əliyev açılış mərasimində bildirdi ki, birinci iclas 2000-ci il iyunun 20-21-də Vyanada olmuş və onun yekunlarına əsasən imzalanmış protokolun bütün bəndlərini hər iki tərəf yerinə yetirmişdir.
F.Əliyev Azərbaycanın iqtisadi sahədəki nailiyyətləri barədə məlumat verərək dedi ki, 1995-ci ildən ümumi daxili məhsulun daimi artımı müşahidə olunur, inflyasiya bu illər ərzində ildə 2-3 faizdən çox olmamışdır. Bu müddətdə Azərbaycan iqtisadiyyatına on milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Bu, MDB və Şərqi Avropa ölkələrində ən yüksək göstəricilərdən biridir.
Avstriya tərəfindən komissiyanın həmsədri Yohan Zaks Azərbaycan Prezidenti Heydər Əliyevin 2000-çi ilin iyulunda Avstriya Respublikasına rəsmi səfəri zamanı dediyi sözləri xatırlatmışdır ki, Azərbaycan Avstriya ilə hərtərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Həmsədrin sözlərinə görə, onun ölkəsi getdikcə genişlənməkdə olan ikitərəfli əlaqələrin inkişafına maraq göstərir. Son vaxtlar Avstriya biznesmenlərinin Azərbaycana səfərlərinin sayı artmışdır ki, bu da yaxşı perspektivlərdən xəbər verir.
Mayın 5-də komissiya öz işini başa çatdıracaqdır.