AZƏRBAYCAN BEYNƏLXALQ TERRORİZMƏ QARŞIMÜBARİZƏDƏ FƏAL MÖVQE TUTUR
Prezidentin İcra Aparatı xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov AZƏRTAC-ın müxbirinə demişdir ki, bu gün Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə fəal mövqe nümayiş etdirir. Erməni terrorundan əziyyət çəkən Azərbaycan dövləti bu problemin aradan qaldırılması üçün beynəlxalq qurumlar və ayrı-ayrı ölkələrlə geniş əməkdaşlıq edir. Prezident İlham Əliyevin diplomatik səyləri və siyasi uzaqgörənliyi sayəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sisteminin yaradılması prosesinə yaxından cəlb edilmiş, dünyanın müxtəlif nöqtələrindəki münaqişələrin aradan qaldırılması istiqamətində sülhməramlı proqramlarda iştirakını genişləndirmişdir. Təsadüfi deyildir ki, hava məkanına hücumlara və digər terror aktlarına qarşı Konvensiyanın Azərbaycan tərəfindən ratifikasiya olunması və ölkəmizin ümumilikdə terrorizmlə mübarizəyə dair 12 beynəlxalq konvensiyanı və protokolu ratifikasiya etməsi beynəlxalq birlik, eləcə də ABŞ Dövlət Departamenti tərəfindən yüksək qiymətləndirilmişdir. Dövlət Departamentinin terrorizmə qarşı mübarizəyə dair hesabatında Azərbaycan hökumətinin terrorçu təşkilatların Qafqaz ərazisindən istifadə etməklə terrorçuların, “çirkli” pulların və digər materialların keçirilməsinin qarşısının alınması sahəsində böyük uğurlar qazandığı vurğulanmışdır.