Azərbaycan çaylarında gözlənilən sululuğa dair aprel ayına verilən proqnoz özünü doğrultmuşdur
Bakı, 8 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylarda sululuğun həcminə dair aprel ayına olan hidrologi proqnozun nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aprel ayı ərzində ölkə ərazisində yağıntının miqdarı əksər bölgələrdə normaya yaxın və normadan aşağı, Bakıda və Abşeron yarımadasında normadan çox, temperatur isə iqlim normasından 0,4-2 dərəcə yüksək olmuşdur.
Ayın birinci ongünlüyü ərzində temperaturun yüksəlməsi və orta dağlıq ərazilərdə qarın əriməsi nəticəsində çaylarda sululuğun artımı baş vermişdir. Aprel ayının ikinci ongünlüyündə hava şəraiti yağıntılı keçmiş, temperatur aşağı düşmüş, dağlıq və bəzi dağətəyi rayonlarda qar yağmışdır. Bu müddət ərzində çaylarda sululuğun nisbətən azalması müşahidə olunmuşdur. Lakin Lənkəran-Astara bölgəsinin çaylarında sululuğun artımı qeydə alınmışdır. Aprel ayının üçüncü ongünlüyünün ikinci yarısında yenidən temperaturun yüksəlməsi müşahidə olunmuşdur.
Aprel ayı üzrə çaylarda gözlənilən sululuğa dair verilmiş hidroloji proqnozun özünü doğrultması 87 faiz təşkil etmişdir. Aprel ayı üçün hazırlanmış aylıq meteoroloji proqnoz temperatur üzrə 96 faiz, yağıntı üzrə 88 faiz, ümumilikdə isə 92 faiz özünü doğrultmuşdur.
Kür çayının Qıraqkəsəmən məntəqəsində müşahidə olunan orta aylıq su sərfi saniyədə 425 kubmetr təşkil etmişdir ki, bu da verilmiş proqnoz hədlərindən (proqnoz 460-560 m3/s) aşağı olmuşdur.
Kür çayının Qıraqkəsəmən məntəqəsi üzrə gözlənilən axım proqnozu Gürcüstan Hidrometeorologiya Departamentinin Kür çayının Tbilisi məntəqəsi üçün hazırladığı axım proqnozu əsasında verilmişdir. Faktiki müşahidə olunan orta aylıq su sərfinin verilmiş proqnoz hədlərindən aşağı olması Gürcüstan ərazisində Kürün hövzəsi üzrə toplanan qar ehtiyatı haqqında məlumatların tam olmaması ilə bağlıdır.
Qanıx çayının Əyriçay məntəqəsində müşahidə olunan orta aylıq su sərfi saniyədə 132 kubmetr təşkil etmişdir ki, bu da verilmiş proqnoz hədləri (proqnoz 130-170 m3/s) daxilində olmuşdur.
Araz çayının Qıvraq məntəqəsində müşahidə olunan orta aylıq su sərfi saniyədə 213 kubmetr təşkil etmişdir ki, bu da verilmiş proqnoz hədləri (proqnoz 190-260 m3/s) daxilində olmuşdur.
Şəki-Zaqatala bölgəsi çaylarında faktiki orta aylıq su sərfi 3,98 m3/s (proqnoz-3,0-7,0 m3/s), Quba-Qusar bölgəsi çaylarında faktiki orta aylıq su sərfi 5,63 m3/s (proqnoz - 3,5-9,0 m3/s), Daşkəsən-Gədəbəy bölgəsi çaylarında faktiki orta aylıq su sərfi 4,86 m3/s (proqnoz - 2,5-8,5 m3/s) Naxçıvan MR bölgəsi çaylarında faktiki orta aylıq su sərfi 2,6 m3/s (proqnoz -2,0-10,0 m3/s), Lənkəran-Astara bölgəsi çaylarında faktiki orta aylıq su sərfi 11 m3/s (proqnoz -5,0-18,0 m3/s) təşkil etmiş və özünü doğrultmuşdur.
Mingəçevir su anbarının aprel ayı üçün səviyyəsi 75,6 metrdən 76,86 metrə qədər artmışdır.