AZƏRBAYCAN DEPUTATI TARİXİ FAKTLARI AÇIQLAMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Strasburqdan xəbər verir ki, yanvarın 27-də öz işini davam etdirən Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında “Avropa və Sunami fəlakəti” məsələsi müzakirə edilmişdir.
Cənub-Şərqi Asiyada təbii fəlakət zamanı həlak olanların xatirəsi Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun təklifi ilə bir dəqiqəlik sükutla yad edilmişdir.
Məsələ ilə bağlı məruzə və çıxışlarda təbii fəlakətdən zərər çəkmiş ölkələrə humanitar yardımın həcminin artırılması, belə hadisələrə dövlətlərin və ölkələrin hazır olması məsələləri xüsusi vurğulanmışdır.
Sessiyada “Etnik təmizləmə və məcburi əhali köçürülmələri qurbanlarının xatirəsinə Avropa mərkəzinin yaradılması” məsələsi də müzakirə edilmişdir.
Qurumun əhali, qaçqın və miqrasiya komitəsi adından məruzə edən, isveçli deputat Mats Einarsson bir sıra dövlətlərin apardığı etnik təmizləmə siyasəti nəticəsində milyonlarla insanın öz doğma torpaqlarını tərk edərək başqa yerlərdə məskunlaşmasının Avropa üçün ən ağrılı problem olduğunu bildirmişdir.
Məruzədə İkinci dünya müharibəsi zamanı faşist Almaniyasının bir çox ölkələrin ərazisində apardığı etnik təmizləmə siyasəti xatırladılmış, keçmiş SSRİ məkanında azərbaycanlıların, Məshəti türklərinin, çeçenlərin, tatarların deportasiyaya məruz qaldıqları göstərilmişdir.
XX əsrin sonlarında bəzi ölkələrdə baş vermiş münaqişələrə toxunan məruzəçi vaxtilə deportasiya edilmiş azərbaycanlıların son zamanlar Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində silah gücünə yenidən öz doğma torpaqlarından zorla çıxarıldığını qeyd etmiş, etnik təmizləmə və məcburi köçürülmənin qurbanlarının xatirəsinə Avropa mərkəzinin yaradılmasının əhəmiyyətini qeyd etmişdir.
Xislətinə sadiq qalaraq yenə də çıxışlarını yalan və böhtanlar üzərində quran ermənilər əsaslı bir dəlil tapmayaraq Osmanlı imperiyası tərəfindən guya 1,5 milyon erməniyə qarşı soyqırımı təşkil edildiyini dilə gətirmişlər.
Məruzə ətrafında çıxış edən Milli Məclisin deputatı Gültəkin Hacıyeva tarixi faktları açıqlamışdır. Deputat məşhur alman tarixçisi Müllerin “erməni tarixçiləri Ermənistan tarixini yazmağa başlayanda tarixçi olduqlarını unudaraq erməni kimi yazırlar” fikrinə istinad etmiş, dəfələrlə xalqımızın başına gətirilmiş faciələrdən danışmış, azərbaycanlıların öz doğma torpaqlarında zaman-zaman etnik təmizləməyə məruz qaldığını vurğulamışdır.
Deputat xalqımıza qarşı zorakılığın hələ Gülüstan və Türkmənçay müqavilələrindən başlandığını diqqətə çatdırmış, yeni münaqişə ocağı yaratmaq və istənilən vaxt regionda vəziyyətə müdaxilə, siyasi təzyiq vasitəsi kimi istifadə etmək üçün çar Rusiyası İran və Türkiyə ərazisindən yüz minlərlə ermənini köçürərək Azərbaycanın ərazisində yerləşdirmişdir. Azərbaycana köçürülmüş ermənilər Dağlıq Qarabağda məskunlaşdırılmışlar. Bu bölgədəki azərbaycanlılar isə tədricən sıxışdırılmış və ətraf rayonlarda yaşamağa məcbur edilmişlər.
Deputatımız ermənilərin azərbaycanlılara qarşı dəfələrlə soyqırımı törətdiklərini xüsusi vurğulamış, 1948-1953-cü illərdə 100 mindən artıq soydaşımızın Ermənistan ərazisindəki doğma torpaqlarından deportasiya olduğunu bildirmiş, son dövrlərdə isə Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırmışdır.
Sessiyanın sonunda çirkli pulların yuyulması, terrorizm ilə mübarizə məsələləri müzakirə edilmişdir.
X X X
AŞPA-nın siyasi, monitorinq və əhali, qaçqın və miqrasiya komitələrinin sessiyaarası yığıncaqlarında bu qurumların növbəti iclaslarının iyun ayında Bakıda keçirilməsi qərara alınmışdır.
Yanvarın 28-də Avropa Şurası Parlament Assambleyası Avropada işsizlik, Avropa Şurasının insan alveri ilə bağlı Konvensiya layihəsi məsələlərinin müzakirəsi ilə növbəti qış sessiyasını başa çatdırmışdır.
Sonuncu iclasda bir sıra ölkələrdə, xüsusilə Avropa Birliyinin üzvü olan yeni 10 ölkədə işsizliyin ağır problemə çevrildiyi göstərilmiş, onun aradan qaldırılması yollarından söhbət açılmışdır. İşsizlik probleminin insan alverinin inkişafına şərait yaratdığını qeyd edən deputatlar, qadın və uşaq alverinin son zamanlar mütəşəkkil xarakter almasından ciddi narahatlıq keçirdiklərini bildirmiş və Avropa Şurasını insanlıq ləyaqətini alçaldan bu cinayətə qarşı ciddi mübarizə aparmağa çağırmışlar.
Qış sessiyasının sonunda keçirilmiş AŞPA-nın bürosu gündəliyə çıxarılmış məsələlərin müzakirəsinə yekun vurmuş, qarşıdakı sessiyanın gündəliyi barədə tövsiyələr vermişdir.
Büro Avropa Şurasının baş katibi Terri Devisdən Dağlıq Qarabağ problemi ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətini daim diqqət mərkəzində saxlamağı və ona əməli köməklik göstərməyi xahiş etmişdir. AŞPA-nın qış sessiyasında uğurlu fəaliyyət göstərmiş Azərbaycan nümayəndə heyəti Vətənə qayıtmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq