Azərbaycan diasporu Norveçdə bələdiyyə seçkilərinin təbliğat kampaniyasında fəal iştirak edib
Bakı, 15 sentyabr, AZƏRTAC
Oslo Azərbaycan Evi və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı ilə bələdiyyə seçkisinə dair Saqene Bələdiyyə Evində böyük debat keçirilib. Norveçin ən böyük yeddi siyasi partiyası - İşçi Partiyası (AP), Mühafizəkarlar Partiyası (H), Tərəqqi Partiyası (FrP), Liberallar (V), Sosialist Solçular (SV), Yaşıllar Partiyası (MDG) və Qırmızılar Partiyasının (Rødt) nüfuzlu siyasətçilərinin qatıldığı debat həm iştirakçılar, həm də siyasi partiya nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan icmasının seçki prosesində göstərdiyi fəallığın Norveç siyasətçiləri tərəfindən diqqətlə izlənildiyi vurğulanıb. Norveç Krallığında yerli idarəetmə orqanlarına keçirilən seçkidə Azərbaycan diasporunun da dəstəklədiyi namizədlər böyük səs çoxluğu ilə qalib gəlib.
Oslo Azərbaycan Evinin sədri Ramil Əliyev bildirib ki, Norveçin siyasi həyatında fəallıq göstərərək bu ölkədə yaşayan azərbaycanlıların maraqlarını təmsil etmək və siyasi elitaya təşkilatlanmış, güclü cəmiyyət olduğumuzu göstərmək baxımından bu debatın mühüm əhəmiyyəti var. “Ümid edirik ki, bu tədbir Azərbaycan icmasının Norveç siyasi elitası ilə münasibətlərinin möhkəmləndirilməsində böyük rol oynayacaq, ölkəmizlə bağlı həqiqətlərin gələcəkdə Norveç siyasi arenasında səsləndirilməsinə zəmin yaradacaq”, - deyə Ramil Əliyev vurğulayıb.