Azərbaycan Dillər Universitetində Xocalı faciəsi qurbanlarının xatirəsi yad olunub
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Xocalıda törədilən faciə haqqında məlumat verilib, ermənilər tərəfindən qətlə yetirilən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Universitetin tələbə gənclər təşkilatının nəzdində fəaliyyət göstərən teatr klubu tərəfindən hazırlanan “Ürəyində arzu tut” tamaşası nümayiş olunub. Tamaşada Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu, eyni zamanda, xalqımızın Qarabağ müharibəsində keçdiyi əzab-əziyyətli, məşəqqətli yolu, bu müharibənin törətdiyi acı nəticələr əks olunub.
“Mən Xocalıyam” videoçarxının nümayişindən sonra “Laçın”, “Cənab leytenant”, “Çırpınırdı Qara dəniz”, ingilis dilində “Xocalıya ədalət!” mahnıları və “Qarabağ şikəstəsi” ifa olunub.