Azərbaycan Dövlət Pedaqoji Universitetində 31 mart – Azərbaycanlıların soyqırımı günü qeyd edilmişdir
Bakı, 30 mart (AZƏRTAC). Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov tədbirdə erməni daşnaklarının 1918-ci il martın 31-də xalqımıza qarşı törətdiyi soyqırımından 94 il ötdüyünü qeyd etmişdir. Rektor erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı və təcavüz siyasətinin 200 ilə yaxın tarixi olduğunu vurğulamışdır. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçi və ideoloqlarının uydurduğu “böyük Ermənistan” dövləti yaratmaq idi. Xalqımızın tarixi kobud şəkildə saxtalaşdırılmış, maddi və mədəniyyət abidələrimiz, toponimlərimiz ermənilərin təcavüzünə məruz qalmışdır.
Statistik göstəriciləri diqqətə çatdıran Y.Məmmədov bildirmişdir ki, 1918-ci il martın 18-dən aprelin 2-dək Bakıda, Şamaxıda minlərə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmişdir. Onların arasında qadın, uşaq olmuşdur. Bütövlükdə, mart hadisələri zamanı ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 mindən çox insanı öz yaşayış yerlərini tərk etməyə məcbur etmişlər.
Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu mart ayının tarixi hadisələrlə yadda qaldığını vurğulamış, Türkiyədə Çanaqqala müharibəsi və Azərbaycanda isə 31 mart hadisələrindən danışmışdır.
Tədbirdə tarixi faktları əks etdirən sənədli film nümayiş etdirilmiş, ədəbi-bədii kompozisiya səsləndirilmişdir.