AZƏRBAYCAN DÜNYADA ƏN İSLAHATÇI ÖLKƏDİR!
AZƏRTAC xəbər verir ki, sentyabrın 12-də “Hyatt Regency Naxçıvan” mehmanxanasında Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) tərəfindən hazırlanmış və biznes mühitinin əlverişliliyi vəziyyətini əks etdirən “Doing Business” hesabatının Azərbaycan üzrə nəticələrinin təqdimatı olmuşdur.
Mərasimdə iqtisadi inkişaf naziri Heydər Babayev 2007-ci ildə tərtib olunmuş hesabatda 96-cı yeri tutan Azərbaycanın 2008-ci ildə öz reytinqini 64 pillə yaxşılaşdıraraq 33-cü yerə çıxdığını, yeni hesabatda respublikamızın dünyada ən islahatçı ölkə elan edildiyini diqqətə çatdırmışdır. H.Babayev bütün bunların son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə biznes mühitinin təkmilləşdirilməsi sahəsində aparılan uğurlu islahatların nəticəsi olduğunu vurğulamış və nailiyyətlər barədə məlumat vermişdir. Bildirmişdir ki, Dünya Bankı və BMK 181 ölkə arasında 10 göstərici üzrə qiymətləndirmə aparmış və Azərbaycan bunlardan 7-si üzrə öz reytinqini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.
BMK-nın region üzrə direktoru Şahbaz Mavaddat Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində görülən mühüm tədbirləri alqışlamış, qurumun İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi və bp şirkəti ilə birlikdə ölkədə həyata keçirdiyi müxtəlif yönümlü layihələr barədə danışmışdır.
Dünya Bankı və BMK-nın göstəricilər və təhlil üzrə direktoru Penelopa Bruk hesabatın Azərbaycan üzrə nəticələrini təqdim etmişdir. Bildirmişdir ki, “Biznesə başlama” göstəricisi üzrə Azərbaycan 51 pillə yüksələrək 2007-ci ildəki 64-cü yerdən 13-cü pilləyə qalxmış, “İşə qəbuletmə” göstəricisi üzrə 15-ci (ötən il 80-ci yer), “Əmlakın qeydiyyatı” göstəricisinə əsasən 9-cu (ötən il 56-cı), “Kreditin alınması” göstəricisi üzrə 12-ci (2007-ci ildə 26-cı) yerdə qərarlaşmışdır. Bu göstəricilər üzrə böyük irəliləyişlərə nail olan Azərbaycan “İnvestorların müdafiəsi”, həmçinin “Vergilərin ödənilməsi” sahəsində də öz mövqeyini xeyli yaxşılaşdıraraq müvafiq olaraq 107-ci yerdən 18-ci yerə və 141-ci pillədən 102-ci pilləyə yüksəlmişdir. Azərbaycan müqavilələrin icrasının təmin edilməsi və tikinti üçün icazələrin verilməsi göstəriciləri üzrə də irəliləmişdir.
Mərasimdə ədliyyə naziri Fikrət Məmmədov, vergilər naziri Fazil Məmmədov, Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov və Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə Azərbaycanda məhkəmə-hüquq, vergi, bank sektoru, daşınmaz əmlakın qeydiyyatı, qanunvericilik sahəsində həyata keçirilən islahatlar və uğurlardan danışmışlar.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov ölkədə aparılmış islahatların sahibkarlığın inkişafına təsirini diqqətə çatdırmışdır.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində qazanılmış nailiyyətlərdən danışmışlar. Bildirilmişdir ki, görülən işlər və həyata keçirilən tədbirlər Azərbaycanın “Doing Business” hesabatında, eləcə də digər nüfuzlu təşkilatların hesabatlarında yerini daha da yaxşılaşdırmağa, investorların iqtisadiyyatımıza marağının daha da artmasına imkan yaradacaqdır. Bütün bunlar isə ölkəmizin dünyada nüfuzunun yüksəlməsinin daha bir təzahürüdür.
######
