"Neftçi"nin sabiq baş məşqçisi: Murad Məmmədov gələcəkdə lider futbolçu ola bilər
Bakı, 16 iyun, AZƏRTAC
"Neftçi"nin yetirməsi Murad Məmmədov Azərbaycan çempionatında özünü yaxşı tərəfdən göstərdiyi üçün Kiprin “Pafos” klubuna transfer olundu. Bu, çox sevindirici haldır. Bu gün bütün Azərbaycan futbol ictimaiyyətinin istəyi odur ki, futbolçularımız xarici klublarda çıxış etsinlər. Bu baxımdan Muradın legioner həyatı yaşaması müsbət addımdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov deyib.
Mütəxəssis gənc futbolçunun xarakterli və zəhmətkeş olduğunu vurğulayıb: "Murad yaşına baxmayaraq, meydanda inamlı çıxışı ilə seçilir. O, məsuliyyətdən çəkinməyən futbolçulardandır. Göstərdiyi keyfiyyətlər onu gələcəkdə lider oyunçuya çevirə bilər. Buna görə də ona uğurlar arzulayırıq".
O qeyd edib ki, ölkə xaricində çıxış etmək futbolçudan əlavə keyfiyyətlər tələb edir: "Öz vətənində oynamaqla legioner həyatı yaşamaq arasında müəyyən fərqlər var. Burada mental hazırlıq və xarakter amilləri ön plana çıxır. Murad bu məqamlara diqqət yetirməli, daim öz üzərində çalışmalıdır. Məqsədi yalnız xaricdə oynamaq deyil, çıxış etdiyi komandada əsas və aparıcı futbolçulardan birinə çevrilmək, daha güclü çempionatlara transfer olunmaq olmalıdır".
A.Əsədov Muradın uğur qazanmasının onun özündən asılı olduğunu söyləyib: "Əgər futbolu və gələcəyini ciddi şəkildə düşünürsə, qarşısına daha böyük hədəflər qoymalıdır. Kiprdə uğurlu çıxış edərək daha iddialı klublara transfer olunmaq üçün çalışmalıdır".
Qeyd edək ki, “Pafos” klubu “Neftçi”nin yetirməsi, kiçik yaşlarından “ağ-qara” formanı geyinən Murad Məmmədovla 2030-cu ilədək müqavilə imzalayıb.